İyunun 18-25-də keçiriləcək “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı günlərində keçiriləcək muğam müsabiqəsi haqda “ATV səhər” verilişində danışılıb.
“Qafqazinfo” xəbər verir ki, 2009-cu ildən müsabiqənin münsiflər heyətinin sədri olan Xalq artisti Siyavuş Kərimi bildirib ki, indiyədək yarışmada çox maraqlı ifaçılar iştirak edib:
“Azərbaycan ifaçıları həmişə müsabiqənin ən yüksək pillələrini tutublar. Sonra başqa ölkələr bunu səhv anlaya bilər deyə sədr olaraq həmişə buna etiraz etmək istəmişəm. Məsələn, Qazaxıstanda öz iştirakçılarına ən yüksək pilləni deyil, birinci yeri verirlər. Ona görə də müsabiqədə Azərbaycan təmsilçilərinə səs vermirəm. Ətrafımda olan xarici mütəxəssislər isə Azərbaycana səs verir. Deyirlər ki, çünki sizin muğam ifaçılığı məktəbi hamısından güclü məktəbdir”.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutacaq festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edəcəklər. Festivalda iştirak üçün beynəlxalq ifaçıların qeydiyyatı isə mayın 20-də başa çatıb. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.