Dubayda yerləşən dünyanın ən hündür binası “Bürc Xəlifə”nin iki ən yüksək yaşayış mərtəbəsindəki təxminən 2000 kvadratmetrlik dupleks penthaus 51 milyon dollara satışa çıxarılıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, göy üzündəki meqa malikanə “Business Bay” ərazisinin, Ərəb körfəzinin və səhranın 360 dərəcə mənzərələrini görməyə imkan verən dünyanın ən hündür yaşayış yerlərindən biridir.
“Sky Palace”da yerləşən penthausda 12 xüsusi ayrılmış parkinq yeri və “Bürc Xəlifə”yə yeganə şəxsi lift vasitəsilə eksklüziv çıxış var.
Sakinlər qüllənin içərisində qida və istirahət zonalarından həzz ala bilərlər. Onların, həmçinin biri 43-cü, digəri isə 76-cı mərtəbədə yerləşən iki hovuza çıxışı var.
Penthaus on ildən artıqdır boşdur. Ehtimal olunur ki, yüksəkvəzifəli şəxslər üçün ayrılıb. “The National”ın yazdığına görə, 2022-ci ildə o, sahibkar Karl Həddad və onun iş ortağı tərəfindən alınıb. İndi isə sahibi onu bazara çıxarıb.
Qeyd edək ki, “Sky Palace” ən dəbdəbəli iqamətgah hesab edilsə də, ən bahalı penthaus adı hələ də əmlak maqnatı Nik Kendinin Londonda “One Hyde Park”dakı 220 milyon dollarlıq iqamətgahına məxsusdur.