Bu gün Nizami Kino Mərkəzində Ordubad şəhərinin qədim tarixi və zəngin mədəni irsini əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, yaradıcı heyət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, İCESCO-nun Bakı Regional Ofisinin tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə baş tutub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filmi Azərbaycanın unikal mədəniyyətə malik bölgələrindən biri olan Ordubanın zəngin tarixi və mədəni irsini kəşf etməyə imkan verəcək:
“Qloballaşma şəraitində milli kimliyin və milli-mədəni dəyərlərin qorunması mühüm məsələlərdəndir. Bunun yollarından biri də həmin dəyərlərin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Bu istiqamətdə bir sıra layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin dəstək verdiyi bədii və sənədli film layihələri arasında bölgələrin təbii və etnik-mədəni sərvətlərinin tədqiqinə və təbliğinə xidmət edən maraqlı işlər var. Məsələn, Xınalıq kəndindəki köç adətlərindən, Şərur yallısının maddi-mədəni irsinin qorunmasından bəhs edən filmləri qeyd etmək olar. Azıx mağarasının dünya tarixində oynadığı roldan və burada aparılan yeni tədqiqatlardan bəhs edən sənədli film də yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək”.
Əməkdar jurnalist, “Real” Təhlil İnformasiya Mərkəzinin direktoru və filmin media məsləhətçisi Mir Şahin Ağayev çıxışı zamanı bildirib ki, “Cənnətin iqamətgahı” filmi Ordubadın zəngin tarixi və mədəni irsinin tanıdılması baxımından mühüm layihədir:
“Bu cür ekran əsərləri bölgələrin yalnız tarixi abidələrini deyil, onların adət-ənənələrini, yaşam tərzini və etnoqrafik xüsusiyyətlərini də gələcək nəsillərə çatdırmağa imkan verir. Düşünürəm ki, milli-mədəni dəyərlərin qorunması və təbliği istiqamətində bu cür layihələrin sayı daha da artmalıdır. Ordubadın özünəməxsus simasını tamaşaçıya çatdıran filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Bu, Azərbaycan mədəniyyətinin çox əhəmiyyətli bir parçasının tarixdə qalması üçün atılmış addımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin mədəniyyətinə göstərdiyi diqqət və qayğı da bu dəyərlərin qorunmasına xidmət edir. Milli-mədəni irsin qorunması, onun araşdırılması və gələcək nəsillərə çatdırılması bu gün xüsusilə əhəmiyyətlidir”.
Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.
Lamiyə Məmmədova



Son xəbərlər
Son Xəbərlər