Çexiyada əmlak biznesi azərbaycanlı məmurların övladlarının əlindədir

cexiyada-emlak-biznesi-azerbaycanli-memurlarin-ovladlarinin-elindedir
Oxunma sayı: 1380

Smetan muzeyi

Əslində elə şəhəri gəzməyə birinci Köhnə yer meydanından başlamaq lazımdır. Burda orta əsr döyüşçülərinin keçidindən sonra, şəhərin rəmzinə çevrilən heykəl xoruzun banlamasını dinləmək də turistlərin ən sevimli əyləncəsinə çevrilib. Dünyaca ünlü yazar Frans Kafka da bu meydandakı evlərdən birində doğulub. Onun evi indi xatirə muzeyinə çevrilib. Şəhərdə o qədər muzey var ki, bəzən kiçik səyahətlər çərçivəsində onların hamısını ziyarət etmək mümkün olmur. Alfons Milçək muzeyi, Smetan, Çex güzgüsü, Yəhudi muzeyi kimi adı mənasız gələn, amma içində bir tarix, bir aləm qoruyan muzeylərdə var. Ən möhtəşəmi isə Milli muzeydir. Bu muzeyin qarşısında əzəmətli Vaslavın heykəli var. Uşaqlar üçün isə ən idealı marionetkalar muzeyidir ki, burda kiçik kuklaların böyük bir dünyası var.

Festivallar şəhəri

Praqa həm də musiqilər şəhəridir. Praqa Operası Paris operasından daha tanınmış və daha gözəldir. Dəbdəbəli bina Praqanın ən böyük prospektlərindən birində yerləşir. Bütün il boyu burda nəinki çex operası, dünyanın bütün operalarında qastrola gələn truppalar çıxış edir.
Yaz-yay aylarında Praqada yüzlərlə musiqi festivalı keçirilir. Biz bir gün şəhərin bir ucundan o biri ucuna gedənə kimi 6 musiqi festivalı gördük. Hamısı da açıq havada, ödənişsiz, bütün turistlər və şəhər sakinləri üçün təşkil olunub. Cazz festivalı, klassik “Praqa festivalı”, rok, pop, hansı musiqi desəniz var bu şəhərin küçələrində. Amma ən xoşuma gələn küçə musiqiçiləri oldu. Çox istedadlıdırlar. Balalaykada, akkardeonda çalınan musiqilər bu şəhərlə daha həmahəngdir məncə.

Pivəsiz olmaz

Heç kim üçün sirr deyil ki, Çexiyaya turist səfərlərinin bir və bəlkə də birinci səbəbi də pivədir. Məşhur Çex pivəsi... Bu ölkədə olub bu dadı dequstasiya etmədən geri dönmək, heç Çexiyada olmadın deməkdir. Ən fanat pivəsevərlər belə etiraf edir ki, bu ölkənin pivəsinin dadı başqa möcüzədir. Praqanın bütün restoranlarında pivə dadına baxmaq olar. Amma ən məsləhətlisi pivənin düzəldildiyi yerə getmək, həm prosesdə iştirak etmək, eyni zamanda bu içkini yerində dadmaqdır. Burda pivə hazırlamanın uğurunun səbəbi qədim reseptlərdə deyil, həm də buranın müalicəvi sularından prosesdə istifadə olunmasındadır. Şəhərdə fəaliyyət göstərən pivəxanalar, bu içki ilə yanaşı həm də ziyarətçiləri ilə tanınır. Məsələn, Bill Klintonun getdiyi pivəxana, və yaxud Şveykin ziyarət etdiyi bar və s.. Şəhərin ən məşhur pivə restoranı “U Fleku” XV əsrə aiddir. Özü də köhnə pivəbişirmə sexinin binasında yerləşir. Biz sözlə pivə nəinki Praqanın, bütün Çexiyanın təqdim olunan üzlərindən birinə çevrilib.

Karlın tərs atla heykəli

Şəhərin ən görkəmli yerlərində Çexiya krallarına heykəl qoyulub. Bunlardan biri də kral Karldır. Amma mənim ən çox marağıma səbəb olan alış-veriş mərkəzlərindən birində Karlın tərsinə asılmış atın üzərində heykəli idi. Tonlarla ağırlıqda olan heykəl kralın əzəmətini nümayiş etdirmək üçün hazırlanmışdı. Yəni kral Karl o qədər güclü imiş ki, istədiyi zaman atını belə cəzalandıraraq asa bilirmiş.

Rəqs edən ev

Praqada son dayanacağımız oldu bu ev.... Rekonstruksiyasından uçmağa hazır olan ev haqqında çoxlu əfsanələr var bu şəhərdə. Çox qeyri-adi görkəmi olan bina tamamilə əyilib, sanki bu dəqiqə çökəcəkmiş kimi... Bəziləri layihədə çatışmazlıqlar səbəbindən yaranan fəsad, bəziləri bilərəkdən cızılmış bir layihə kimi dəyərləndirsə də Rəqs edən ev Praqada tarixi muzeylər qədər məşhurdur və şəhərin ən böyük şirkətlərinə, alış-veriş mərkəzlərinə ev sahibliyi edir.

Mətbuata telefonların dinlənməsinə icazə verildi

Biz Çexiyada olarkən oradakı Kütləvi İnformasiya Vasitələrinə telefonları dinləmək və maraqlı informasiyaları dərc eləmək üçün icazə verilmişdi. Bu qanun layihəsi parlamentdə iki il idi ki, müzakirə olunurmuş. Sonunda qanun qəbul edildi və prezident onu imzaladı. Qanun “Fərdi məlumatların müdafiəsi” adlanır. Qanuna görə ictimai maraqları müdafiə halında, siyasətçilərin cinayət əməllərinin açılması, dövlət məmurlarının qeyri –qanuni fəaliyyətini üzə çıxarılması üçün telefonlar dinlənilə bilər və əldə olunan məlumatlar Kütləvi İnformasiya Vasitələri ilə xalqın diqqətinə çatdırıla bilər. Demokratiyadır dəə...

Çexiyadakı azərilər..

Praqada biz təkcə Azərbaycandan siyasi kimi gedən həmvətənlərimiz haqqında eşitmədik. Öyrəndim ki, ölkədə Gülər Əhmədova, Hacıbala Abutalıbov kimi tanınan adamların övladları burda təhsil alır. Hətta şəhərdə ən böyük əmlak biznesi də Azərbaycanlı dövlət adamlarının övladlarının əlindədir. Ev alqı-satqısı, şəhər mərkəzində evlərin alınıb kirayə verilməsi və sair... Düşündüm ki, gör Azərbaycanın pulları haralarda dolanır... Bizdən başqa da hamıya xeyir verir...

Görüşmək ümidi ilə...

Praqa insanı buraxmaq istəməyən şəhərlərdəndir... Biz də heç gəlmək istəmirdik. Bir daha qayıtmaq arzusu ilə Voltava çayına qəpik ataraq Vətən yollanırıq, çanta dolu xatirələri də özümüzlə götürürük... Görüşmək ümidi ilə...

Aynur İmranova

2-ci yazı