Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Bu ilin 17 may tarixində Reykyavik şəhərində keçirilən AŞ-nın Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşünə istinad edən Ceyhun Bayramov, AŞ çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi baxımından bu kimi görüşlərin əhəmiyyətli rol oynadığını qeyd edib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri, bu fəaliyyətə və vətəndaşlarımızın təhlükəsizliyinə hədə olan mina təhdidi, Qarabağ bölgəsindəki erməni sakinlərin reinteqrasiyası, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Cari ilin sentyabrında Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs edən nazir Ceyhun Bayramov, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğunun bu qəbildən olan ən böyük təhdidlərdən biri olduğunu qeyd edib. Bu istiqamətdə, sözügedən antiterror tədbirlərinin görülməsinin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinin qarşısında duran maneələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib.
Antiterror tədbirlərindən sonra bölgəyə səfər edən Avropa Şurası daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiq etdiyi kimi, Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində irəli sürülən iddiaların əksinə, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının müşahidə olunmadığı vurğulanıb.