Ceyhun Bayramov Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin görüşündə - Fotolar

ceyhun-bayramov-xezeryani-dovletlerin-xin-rehberlerinin-gorusunde
Oxunma sayı: 1098

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, ətraf mühitin mühafizəsi və s. sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edən Ceyhun Bayramov bu kimi görüşlərin keçirilməsinin Xəzər regionunda mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.

Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün Xəzəryanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyəti qeyd olunub.

Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan birinin Xəzərin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji problemlərin olduğu, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin aidiyyəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi, hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparıldığı bildirilib.

2022-ci ilin oktyabrında Bakıda Xəzərlə bağlı Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsinin, Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı yaranan məsələlərin müzakirəsinin faydalı rol oynadığı qeyd edilib. Bu istiqamətdə, cari ilin 18-19 dekabr tarixlərində Bakıda Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı xüsusi ekspert qrupunun ilk iclasının keçirilməsi barədə əldə edilmiş razılığın konstruktiv dialoqa imkan yaradacağına dair ümidvarlıq ifadə olunub.

Tədbirin sonunda müzakirə olunmuş məsələlərin əks olunduğu bəyanat qəbul olunub.