Daha bir məktəbli qızılcadan öldü - Foto - Yenilənib

daha-bir-mektebli-qizilcadan-oldu
Oxunma sayı: 4672

Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, həmin şagird 14 yaşlı Nuray Süleyman qızı İbrahimovadır.

Yayılan məlumatın şərh bölümündə isə qeyd edilib ki, məktəbli qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.

Qeyd edək ki, son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan dünyasını dəyişib.

***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, fevralın 12-si saat 22:51 radələrində 2010-cü il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub:

“Qeyd edək ki, azyaşlıda fevralın 3-dən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb. Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub. Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib.

Pasiyentin fevralın 13-də vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib. Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasiyon tədbirlər nəticə verməyib.

Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd olunur”.