Davaya qarışan qonşusunu maşınla vuran şəxsə hökm oxundu

davaya-qarisan-qonsusunu-masinla-vuran-sexse-hokm-oxundu
Oxunma sayı: 1710

Ötən ilin 14 iyul tarixində Gəncə şəhəri Səməd Vurğun küçəsində avtomobillə qonşusunu vurub öldürən 1995-ci il təvəllüdlü Orxan Nağıyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, O.Nağıyev Cinayət Məcəlləsinin 263.2 və 264-cü (ölümlə nəticələnən yol qəzası törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Nağıyevə 5 il 6 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə vaxtı Orxanla Röyal adlı qonşusu ailələr arasındakı münasibətlərin pozulması səbəbindən dalaşıb. Bu zaman Röyal və onunla birgə gələn şəxslər Orxana hücum edib. Orxan özünə məxsus “Vaz” markalı avtomobilə minərək maşını hərəkətə gətirib.

Bu zaman o, avtomobillə davanı sakitləşdirməyə çalışan qonşuları 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub. A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.