“Day.az”da 1 qram da gözüm qalmayıb” – Elnur Baimov

dayazda-1-qram-da-gozum-qalmayib-elnur-baimov
Oxunma sayı: 1275


Məşhur jurnalist, Gün.Az-ın Baş redaktoru Elnur Baimovun “Qafqazinfo”ya müsahibəsi:



- Sizi müsahibəyə razı salmaq bir az çətin oldu. Bunun səbəbi çox müsahibə verməyinizdədir, yoxsa işiniz çoxdur? Sonuncu variant isə, bəlkə, “Qafqazinfo”ya müsahibə vermək istəmirdiz?

- Yox, qətiyyən elə deyil. “Qafqazinfo” mənim oxuduğum, hər gün ziyarət etdiyim saytlardan biridir. Sadəcə olaraq Moskvada mənim də iştirak etdiyim Azərbaycan və erməni jurnalistlərinin görüşündən sonra bu mövzu cəmiyyətə maraqlı olduğu üçün hamı açıqlama almağa tələsir.

- Amma mən sizə Moskvadakı KİV rəhbərlərinin görüşündən əvvəl zəng vurmuşdum.

- Axı siz müsahibəni telefonla götürmək istəmədiniz, özünüz dediniz ki, canlı daha yaxşıdır. Çoxları telefonla götürür. Buna görə bir az gecikdi. Səbəb sadəcə bundan ibarətdir. Təbii ki, mən həm sizə, həm də saytınızın rəhbərinə hörmətlə yanaşıram.

- Bəs nə zamandan hamı sizdən müsahibə almağa başladı.

- Əslində mən özüm hamıdan müsahibə götürürəm. Mən özüm xəbərin formalaşması prosesindəyəm. Bu görüş cəmiyyətdə incə bir məqam olduğu üçün hamıya maraqlıdır. Çoxları elə bilir ki, biz Ermənistan nümayəndələri ilə görüşdə milli maraqlarımızı tapdalayırıq. Uduzmuş tərəf kimi çıxış edirik. Bu haqda suallar çox olur.

- Elə görüşlə bağlı digər mətbulara çox məlumat verdiyiniz üçün qətiyyən bu mövzuya toxunmaq istəmirəm. Bu gün Elnur Baimovun konkret iş yeri haradır?
- İş yerim bu kabinetdir.

-Bəs bu kabinetdə nəyi təmsil edirsiniz?
- Azərbaycan dilində “gun.az”, ingilis dilində “news.az”, erməni dilində “armenia.az” və bir sıra başqa layihələr.

-Deməli, sadaladığınız bütün media orqanlarına siz rəhbər olaraq cavabdehsiniz.
- Bəli, həmin media orqanlarının təsisçisi və rəhbəriyəm.

-Bu qədər layihələrin qurucusu kimi hansı işinizi media aləmində şah əsəriniz kimi qiymətləndirirsiniz?
- Mən jurnalistikaya 1996-cı ildə “Zerkalo” qəzetində gəlmişəm. Maaş az olduğundan jurnalistikadan ayrıldım. Bir müddət təhsilim üzərində çalışdım, sonra bir neçə şirkətdə rəhbər vəzifəsində işlədim. Yenidən jurnalistikaya məni rəhmətlik Anar Məmmədxanov qaytardı. O zaman “Day.az” xəbər portalını yaratmaq ideyası var idi və mən bütün tutduğum vəzifələrdən imtina edib bu layihəyə qoşuldum və 6 il orada işlədim. “Day.az”da çox böyük iş qurulmuşdu və məni də hamı ordan tanıdı. Bu günə qədər də mənə zəng vurub saytla bağlı suallar verirlər ki, filan xəbər çap olunub və ya bunu çap edərsiz? Halbuki mən “Day.az”dan 2009-cu ildən ayrılmışam. Elə o zaman Azərbaycan ingilis dilli KİV-lər arasında informasiya blokadasına düşmüşdü. Hamısı bizə qarşı yazırdı. Mən o zaman həmin boşluğu görüb Azərbaycanda ilk dəfə ingilis dilində xəbər agentliyi açmaq qərarına gəldim. İndi də “News.az” Azərbaycanda ingilis dilli layihələr arasında ən çox ziyarət olunandır.

- Konkret sizin şah əsəriniz hansıdır? Mən “Day.az” deyirəm.
- Əlbəttə, cəmiyyət məni “Day.az”çı kimi tanıyır. Amma indi mənim başqa 5-6 böyük layihələrim var və heç birini özümün şah əsəri adlandırmıram. Hamısı mənim üçün eynidir. Mən biznesmenəm və hansısa layihəyə prioriteti azaltsam, o layihənin uğuru azalar. Uğuru azalsa, deməli, maliyyəsi az olar. Maliyyə də az olsa, camaat dağılaşar.

- Elnur bəy, təxminən 5 il əvvəl tələbəliyin ilk illərində internetə girmək kütləvi şəkildə olmasa da, “Day.az”ı oxuyurdum. Orda hər şey var idi. Hamı da “Day.az” deyirdi. Belə deyək “Day.az” kimi zirvədən sonra sadaladığınız saytları yaratmaq sizin üçün nə deməkdir? Çətindirmi yenidən o zirvəyə qalxmaq, yoxsa bu mühitdə elə ancaq bura qədər gəlmək olur?
- Müxtəlif sahələrdə müxtəlif zirvələr var. Mən sizə “Armenia.az” saytını nümunə gətirdim. O elə bir zirvədədir ki, onun olduğu məkanda başqa heç bir layihə yoxdur.

- Təbii ki, bu Azərbaycan cəmiyyəti üçün deyil
- Əlbəttə, bu Azərbaycan cəmiyyəti üçün deyil. Bu Ermənistan cəmiyyəti üçündür və elə unikal layihədir ki, bunu heç bir meyarla müqayisə edə bilməzsiz.

- Hətta “Day.az”la da?
- Əlbəttə, hətta “Day.az”la da. Digər tərəfdə news.az ingilis dilində fəaliyyətdədir və bizə “Eurovision” müsabiqəsi ərəfəsində 100 min-dən çox adam daxil olurdu. Azərbaycan əcnəbilərə çox maraqlı idi. İndi hesab edirəm ki, gərək peşəkar olasan və o zaman istədiyinin layihəni yuxarı qaldıra bilərsən. Ən vacib meyar budur və məni layihələrimlə yox, peşəkarlığımla qiymətləndirmək lazımdır. Mən həm bizneslə marqlanıram, həm media qurumlarında işləyirəm, həm də ictimai fəaliyyət göstərirəm. Müxtəlif funksiyalı bir insanam və bu səbəbdən mənə hansında daha çox bacarıqlı olduğumu demək çətindir.

- Bizə daha çox sizin mediada fəaliyyətiniz maraqlıdır
- Mediaya gəlincə dediyim kimi 3 layihə üzərində işləyirəm. Mən həmişə irəli baxıram, keçmişə baxmıram. Amma ictimaiyyət məni layihələrdə necə qəbul edirsə, o məni maraqlandırmır.

- Etiraf edirsiz Elnur Baimov üçün ən uğursuz layihə “Gun.az” oldu?
- Niyə? Mən sizdən fərqli olaraq çox uğurlu layihə olduğunu düşünürəm.

- Amma bu gün reytinq bazarında digər saytlara uduzur
- Artıq saytın reytinqi ziyarətçi sayı ilə müəyyənləşdirilmir. Mən bir gün ərzində 100 min adam yığaram ora. 15 ildir internetlə məşğul olan adamam və bu işin içindəyəm. Cəmi 1 dəqiqə kifayət edər ki, o sayğacları fırladım. Elə çoxları da fırladır və keyfiyyətsiz xəbərlər verir. Sizcə, cəmiyyətdə “Oxu məni” daha çox qəbul olunur, yoxsa “Zerkalo” qəzeti? KİV-in gücü oxucuların sayı ilə yox, xəbərin rezonanslığı ilə ölçülür. İkinci meyar isə iqtisadi baxımdan qiymətləndirilir. Layihə pul gətirirsə, o deməli, uğurlu layihədir. Mənim layihələrimdə reklam var, onlar pul qazanır, deməli, uğurludur. Əlbəttə, elə saytlar da var “Gun.az”dan çox ziyarət olunur, amma iqtisadi baxımdan uğurlu deyil. Maliyyə meyarı çox vacibdir, uğurluluq onunla ölçülür. Nəzərə alsaq ki, “Gun.az”la cəmi bir ildir bazardayıq. Gələn il bu vaxtı gəlin bura, o zaman baxarıq kim hansı reytinqdədir.

- Deməli, siz iqtisadi tələbatı ödəyənə qədər çalışırsız, həmin həddi keçəndən sonra nüfuz bir balaca arxa plana keçir?
- Xeyr, elə deyil. Əgər nüfuzlu olmasaz, reklam verən şirkətlər sizinlə əməkdaşlıq etməyəcək. Siz sarı mətbu orqan ola bilərsiz, bütün millət sizi oxuya bilər. Siz hansısa şou-biznes nümayəndəsinin döşünün və ya başqa hissəsinin şəkillərini yerləşdirə bilərsiz, onda sizi milyonlar oxuyar. Amma biznes qurumlar sizinlə əməkdaşlıq etməyəcək. Hərənin öz yeri var. Hesab edirəm ki, biz düzgün yer tutmuşuq. Həm oxucularımız var, həm biznes qurumlarla əməkdaşlıq edirik, həm də iqtisadi baxımdan xərclərimizi ödəyirik.

- Elnur bəy, sizin sarı mətbuat dediyiniz media qurumları, həmçinin telekanallar bir çox proqramı və dediyiniz o şəkilləri auditoriya əldə etmək üçün edirlər. Bu məqamda siz onlara haqq qazandırırsınız?
- Mən onlara haqq qazandırıram. Mən həm telekanallarda, həm də media da senzuraya qarşı çıxış edirəm. Əgər televiziyalar hesab edirlər ki, oxuculara bu yeməyi yedizdirə bilirlər, onlar bunu etməlidirlər. Siz onlara deyə bilməzsiz ki, bunu çap eləmə, bunu elə. Kimsə hesab edir ki, şou-biznes xəbərlərini verməlidir və ya digəri verməməlidir. Bu onun öz seçimidir və biz onu qınamamalıyıq. Tələbat varsa, o tələbatı ödəməlisiz.

- İndi tələbat ödənilsin deyə həmin proqramlar davam etdiriləcək. Nəticə də oxucu da bu səviyyədə qalacaq.
- Oxucular müxtəlifdir, onları bir qrup kimi qiymətləndirməməliyik. Elə oxucular var ki, onları siyasi xəbərlər maraqlandırır, ikincini iqtisadi, digərini mədəniyyət, idman və bəziləri bu sarı xəbərləri xoşlayır. Bu normaldır dünyanın hər yerində var. Elə qardaş Türkiyədə, şimal qonşumuzda da belədir. Orda da sarı mətbuat oxucuların sayına görə, ən uğurlu mediadır. Amma maliyyə baxımından bu heç də belə deyil.

- Elə televiziyalardan söz düşmüşkən əcnəbi serialların qadağasına necə baxırsız? Digər tərəfdən isə İctimai TV-yə müstəsna əcnəbi serial yayım hüququ verilə bilər.
- Hesab edirəm ki, telekanallarda əcnəbi seriallara qadağa qoyulmamalı idi. Bu telekanalların öz qərarıdır ki, mən teleserialları yayıram. Bu siyasəti onlar özləri qururlar və tamaşaçıların adından belə bir qadağa qoymaq tələsik addım idi. Sevinirəm ki, ən azı İctimai kanalda bu icazə olacaq.

- Bu digər telekanallara haqsızlıq deyil?
- Məncə, bütün telekanallarda seriallara və tanışlıq verilişlərinə icazə verilməlidir. Bu mənim media eksperti kimi şəxsi mövqeyimdir.

- Amma siz nəzərə alın ki, bu fikriniz birmənalı qarşılanmayacaq. Nəzərə alsaq ki, siz elit təbəqənin təmsilçisisiz.
- Qoy birmənalı qarşılanmasın, mən heç bir zaman öz fikrimi ifadə etməyə qorxmamışam.

- Əgər biz ictimaiyyətin fikrini nəzərə almayacayıqsa, niyə fikir söyləyirik?
- Elə ona görə də sizə deyirəm ki, bilirəm çap edəcəksiz və reaksiya olacaq. Tamaşaçılar da, oxucular kimi eyni deyil. Onları ayırmağı bacarmalıyıq. Bir qrup tamaşaçı xəbər axtarır, o birilər serial istəyir, üçüncü qrup toy verilişi, dördüncü intellektual veriliş axtarır. Bu onların öz seçimidir. Mən serialı bəyənmirəmsə, bir düyməni basmaqla dəyişirəm. O qərarı mənim yerimə heç kim verməməlidir. Əgər mən Elgizin verilişinə baxıb zövq alırımsa, bu mənim seçimimdir. Bu arada mən elit deyiləm, sadə Azərbaycan vətəndaşıyam. Gördüyünüz kimi qapımız hər zaman açıqdır. Bizdə kollektivdə hamı eynidir. Çox vaxt səhərdən axşama qədər bir yerdə oluruq və ailəmizə cəmi bir-neçə saat həsr edə bilirik. Ola bilər elə baş redaktorlar var ki, onlar elitdirlər, amma mən adi jurnalistəm. Ona görə də fikrimi sadə vətəndaş kimi sizə çatdırmağa çalışdım.

- Qeyd etdiyiniz kimi dostunuz mərhum millət vəkili Anar Məmmədxanovla bərabər “Day.az”ı yaratdınız və sizin yaratdığınız sayt bu gün də işləyir, amma sizsiz. Öz zəhmətinizlə başa gələn bir şeyi uzaqdan seyr etmək necə hisdir?
- Təbii ki, “Day.az”ın kollektivinə hörmətlə yanaşıram. Heç bir hiss də keçirmirəm.

-Düşünürsüz ki, “Day.az”dan sonra daha böyük layihələr yaratmısız və qəti gözünüz orda qalmayıb.
- İnanın 1 qram da gözüm qalmayıb. Mən o kollektivə çox müsbət yanaşıram və uğurlar arzulayıram. Onlar da öz sahələrində liderlik mövqelərini tutmağa çalışırlar. Bu tamam başqa məsələdir. Mən iri şirkətlərin də rəhbəri olmuşam. O şirkətlərin illik dövriyyəsi 10 milyondan çox olub, belə çıxır ki, həmin şirkətlərdən sonra heç nə ilə məşğul olmayım? Belə deyil axı. Gərək hər bir sahədə peşəkar olasan. Mən sabah mediadan ayrılıb başqa işlə məşğul olmaq istəsəm, inanıram ki, orda da uğurlar qazanacağam.

- Jurnalistikadan bir müddət uzaqlaşdığınızı dediniz. Yaxın illərdə planlarınız ancaq media ilə bağlıdır?
- Media mənim üçün çox maraqlıdır, layihələr davam edir, hələlik işləyirik. Amma qeyd edim ki, başqa bir imkan görsəm və əmin olsam ki, orda özümü daha yaxşı ifa edəcəyəm ora gedərəm.

- Bəs bu gün Azərbaycan jurnalistikasının səviyyəsini necə qiymətləndirirsiniz?
- Peşəkarlıq nöqteyi-nəzərindən ölüb.

- Bəs nə vaxtdan ölüb?
- 2000-ci illərdə artıq ölməyə başlamışdı. Siz jurnalistika fakültəsinə girəndə orda sorğu keçirtdilər ki, kim jurnalist olmaq istəyir? Auditoriyanın cəmi 15 faizi əlini qaldırdı, başqaları isə təki qəbul olum adı ilə hara gəldi yazıb. Online media yaranandan sonra biz qəzetlərdən uğurluyuq, çoxlu pul qazanırıq. Bu gün qəzetdə işləyənlərin çoxu bizə gəlir işləməyə, çünki online mediada məvacib çoxdur. Qəzetdə isə tənbəllər qalıb. Bilirsiz də o tənbəllər saat 3-də işə gəlir, bu saytdan bir az götürür, o saytdan bir az götürür və təki yola verim deyir. Axşam gedir pivə içməyə. Ya da pivəyə də heç pulu çatmır, çayla kifayətlənir. Online media isə dinamiklik, operativlik tələb edir.

- Əslində tələbələrin təsadüfən jurnalistikada təhsil alması sizin probleminiz deyil, sırf təhsillə bağlıdır.
- Düzdür, bu problem mənim deyil, amma mən özüm bununla məşğul oluram. Çünki jurnalistlərin əksəriyyəti jurnalistika ixtisasını bitirməyib və biz onlara diktafondan tutmuş, sual vermə siyasətinə qədər öyrədirik.

- Deməli, siz düşünürsüz ki, junalistika da oxusa, universitet yetişdirib göndərəcək?
- Yox, universitetdə heç kimi yetişdirməyəcəklər. Peşəkar həkimlərin, müəllimlərin sayı az olduğu kimi jurnalistlərin sayı da azdır. Azərbaycanda kadr problemi var və bu ciddi problemdir.

- Elnur bəy, illərdir jurnalistikadasız və bu yolu gəlmisiniz. Bəs bu gün mövcud olan dediyiniz kimi Azərbaycandakı ölü jurnalistika mühitinə baxanda nə düşünürsünüz?
- Bir müddətdən sonra Azərbaycanda kağız mediası çıxmayacaq.

- Axı dünyada illərdir hələ də davam edir.
- Elə götürək Avstriyanı, çox vaxt Azərbaycana bənzədirik onu. Bilirsiniz orda nə qədər qəzet var?

- Bilmirəm
- Avstriyada cəmi 8 qəzet çap olunur. Amma bizdə isə 3 mindən çox qəzet qeydiyyatdan keçib, səhər köşkə gedəndə yer tapa bilmirsiz o qədər qəzet var. Kim oxuyur o qəzetləri? Heç kim. O qəzetlər bizim bu gün pulsuz yaydığımız xəbərləri sabah satır. Onlar hamısı ölü mediadır. Siz soruşursunuz mən nələr hiss edirəm, mən də onlara, Allah rəhmət eləsin deyirəm.

- Bəs internet mediada vəziyyət necədir?
- İnternet medianın durumu isə çox normaldır və intensiv şəkildə inkişaf edir. Bazar çox sıxdır, rəqabət çox güclüdür və bu məni biznes adamı kimi sevindirir. Bir dəqiqə gecikdinsə, başqası gəlib Facebookda paylaşır, itirdin bazarı. Amma vaxtında etdinsə, 1000 nəfər gəlib xəbəri oxuyur. Burda dinamika var, mübarizə var. Mən bundan zövq alıram. Balıq özünü suda necə hiss edir, bax mən də eləyəm bu məqamda. Sözsüz ki, hazırda 6-7 normal sayt var, 20 sayt da var ki, belə də özü üçün çalışır. O belə də olan saytlar bir müddətdən sonra bazardan çıxacaq.

- Elnur bəy, sizin dediyiniz operativlik bəzən yanlışlığa gətirir. Tez olsun deyə, doğru olmayan xəbərlər yayılır.
- Bax bu zaman biz gəlib çatırıq peşəkarlığa. Əgər siz deyirsinizsə, hansısa nazirin həyətində balina ölüb, əlbəttə, sizi milyon adam oxuyur. Amma onlar bilmirlər ki, balina okean suyunda yaşayır, Xəzərin suyunda qala bilməz və balinanı hansısa okeandan bağa nəql edə bilməzsiz. Amma o xəbəri yayırsız. Mən o xəbəri vermirəm və məni milyon nəfər oxumur. İndi kim peşəkardır, o, yoxsa mən? Nə olsun ki, onu bu gün 1 milyon oxudu? Sabah başqa xəbəri oxumayacaqlar və balina yada düşəcək. Elə “Qafqazinfo”da da Neftçalada su pərisinin tapıldığı barədə xəbər getmişdi. Sonra məlum oldu ki, bir filmdən çəkilib.

- Bəzən xəbər üçün, iş üçün jurnalistlər müəyyən qurbanlar verir. Qazandıqlarınız göz önündədir. Bu illər ərzində mediada nə itirmisiniz?
- Əslində itkidən danışmaq çox çətindir. Mən robot olmuşam. “Human” anlayışı var, Azərbaycan dilində tərcüməsi insanlıq gedir, amma o mənanı ifadə etmir. Mən hissiyatımı itirmişəm. Təsəvvür edin 24 saat ərzində müxtəlif xəbərlər beynimdən keçir və mən bütün xəbərləri bilirəm. Bunun narahatlığı, yorğunluğu var. Jurnalist işi, it işidir. Mən inanıram ki, jurnalistlər məni bu sözə görə yaxşı başa düşəcək. Çox çətin işdir. Kənardakılar elə bilirlər ki, sən oturursan, iki cümlə yazıb məqaləni təhvil verib kef edirsən. Xeyr, elə deyil. Camaat bu işin çətinliyini anlamır, qiymətləndirmir. Tutaq ki, biznesdə olsaydım, 9-da gələrdim, 6-da gedərdim. Həftə sonu istirahət edirsiz. İnanın ki, mən bu çətin qrafikli işimdən də həzz alıram.

- Jurnalistin həyat yoldaşı olmaq və jurnalistlə bir həyatı paylaşmaq hamı bilir ki, çətindir. Bəs bu qədər çətin iş qrafikində həyat yoldaşınızla, ailənizdə problemlər yaranmır?
- Mənim həyatda yoldaşım həyat yoldaşımdır. O, olmasaydı, bu uğurları qazanmazdım. Mənim yoldaşım qəhrəmandır. Jurnalistika it işi olduğundan, sənin əsəblərindən it kimi olur. Qeyd edim ki, biz internetdə tanış olmuşuq və internet mənə ailəmi də hədiyyə edib. Mənim yoldaşım evdə o cəbhədə hər şeyi düzüb qurmasaydı, mən bu cəbhədə irəli gedib yeni əraziləri zəbt edə bilməzdim. Mən rahatam ki, arxada hər şey normaldır və mən irəli gedirəm. Mən hamıya deyirəm ki, əgər evdə hər şeyi düzəltməsəniz karyeranızda da heç nə düzəldə bilməyəcək. O sizi daima geri dartacaq. Burda başqa məqam da var. İrəli gedən adamların əksəriyyəti ailə qurmur. Onlar mütləq ortaq məxrəci tapmalıdırlar. Hesab edirəm ki, qadının 30 yaşına qədər artıq uşağı da olmalıdır. Ailəli və ailəsiz olması vacib deyil, 30 yaşında artıq uşaq olmalıdır. Sonra karyeranızı da davam etdirərsiniz.

- Bu gün sizin çox yaxın dostunuz Anar Məmmədxanov artıq yaşamır. Heç düşündünüzmü, görəsən, o bu gün Elnur Baimovun yerindən razıdırmı?
- Anar Məmmədxanovla biz 6 il çiyin-çiyinə olmuşuq. Onun ölümü mənə ən böyük zərbələrdən biri idi və mən hələ də özümə gəlməmişəm və bu ölümə inanmıram. Bu o qədər böyük zərbə idi ki, heç bir sözlə bunu ifadə edə bilmirəm. O, bu gün yuxarıdan bizi izləyir və öz tərzində gülümsəyir və gözləyir ki, nə vaxt onun yanına gedib dostluğumuzu davam etdirəcəyik.

- Elnur bəy, news.az, gun.az, armenia.az... bunun davamı gələcəkmi?
- Bizim iri muğam radiosu layihəmiz var və bu layihəni mən çox sevirəm. Muğam Azərbaycan mədəniyyətinin sifətidir. Siz bu layihəni araşdırsanız görərsiniz ki, biz orda böyük iş görmüşük. Bütün muğam arxivimizi ora yığmışıq. Biz onu etməsək, ermənilər bunu oğurlayacaq.

- Bu gün “Facebook”da sizin dost siyahınızda olduğum üçün görürəm ki, aktiv istifadə edənlərdənsiz. Bütün dünyanı başına toplayan bu sosial şəbəkə sizin üçün nə deməkdir?
- Mənim üçün “Facebook” bölüşmə mexanizmidir.

- Siz də, ərəb inqilabının “Facebook”dan başlandığına inananlardansız?
- Ərəb inqilabları xaricdən idarə olunan hal idi. Niyə indi CNN, Euronews və başqa kanallar Liviyadan xəbər vermir. Nə baş verdi orda? Kim gəldi hakimiyyətə? Xalq nə edir orda? İndi də Suriya maraqlıdır və Bəşər Əsəd öldürülənə qədər. Sonra da ortaya İran məsələsi çıxacaq. Allah hamımızı elə inqilablardan qorusun. Mən həmişə stabil inkişafın tərəfdarıyam, inkişafı istəyirəm, inqilab yolu ilə deyil.

-Bəs dost siyahınızda kimlər var?
- Mənim dost siyahımda həm iqtidar nümayəndələri, həm də müxalifətçilər də var. Təsəvvür edin. Bir tərəfdə cənnətdə yaşayırsız, digər tərəfdə isə cəhənnəm. Gündüz iş vaxtı cənnət statuslarıdır, axşam isə cəhənnəm statusları. Hesab edirəm ki, “Facebook”da olan neqativ münasibətlər elə ora ilə məhdudlanır. Onu meyar kimi istifadə edib hansısa müxalifət qurumu nə isə irəli sürürsə bu səhvdir. Çünki “Disput.az”, “Facebook”da mənfi rəy varsa, bu o demək deyil ki, cəmiyyət də elədir. “Facebook”da oturan adam çox vaxt real həyatda fərqli olur. Çünki kompüter arxasında nəsə yazmaq, danışmaq çox asandır.

Günel Əbilova