“Dəfələrlə deyilib ki, sizə əlillik təyinatı düşmür”

defelerle-deyilib-ki-size-elillik-teyinati-dusmur
Oxunma sayı: 8152

“Bu gün pensiyaçılarımızın 64 %-i yaşa görə, 24 %-i əlilliyə görə, 12 %-i isə ailə başçısını itirdiyinə görə pensiya alır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə gələn ilin dövlət büdcəsinin III oxunuşda müzakirəsində bildirib.

Nazir qeyd edib ki, bu bölgü də hələlik bizi qane etmir: “Çünki ölkədə ümumi əlilliyi olanların sayı əhalinin cəminin 5 %-dirsə, əvvəlki dövrlərdə 6 % idi. Pensiyaçılar arasında əlilliyi olanların sayı 37-38 % təşkil edir. Bu elə saxtakarlıq idi. Ona görə də bu istiqamətdə aparılan böyükmiqyaslı təmizlik işləri nəticəsində 38 %-dən 24 %-ə düşmüşük. Digər ölkələrin təcrübəsində baxdıqda əlilliyə görə pensiya normativi 18-20 %-in ətrafındadır. Düşünürəm ki, növbəti dövrlərdə lazım olan normativə çatacağıq. Yaşa görə pensiya isə əksər ölkələrdə beynəlxalq normativ 65-70 % arasındadır. Bu istiqamətdə də irəliləyiş əldə edib 64 %-ə yaxınlaşmışıq”.

Yaş strukturuna gəlincə, nazir vurğulayıb ki, ölkədə bu gün 0-18 yaş arası 18 min 500, 19-40 yaş arası 28 min 953, 41-50 yaş arası 48 min 379, 51-55 yaş arası 46 min 156, 56-60 yaş arası 71 min, 61-65 yaş arası 151 min, 66-73 yaş arası 324 min, 77 yaşdan yuxarı isə 148 min pensiyaçı var.

O əlavə edib ki, bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb. Nazir qeyd edib ki, təyinatların yarısı yeni, digərləri isə təkrar olub: “Komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur. Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub, dəfələrlə deyilib ki, sizə əlillik təyinatı düşmür”.

Zaur Mirzə