Dəmir yollarında vəziyyət necədir? - Fotolar

demir-yollarinda-veziyyet-necedir
Oxunma sayı: 1857

Hazırda paytaxt Bakıda və regionlarda müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar sərnişinlərin və yüklərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən zəruri tədbirlər həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə platformalara və keçidlərə duz və kimyəvi maddələrin səpilməsi müntəzəm qaydada icra edilir. Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.

Qabaqlayıcı tədbirlərin görülməsi bu gün səhər saatlarından etibarən daha da intensivləşib.

9 yanvar tarixinə olan məlumata əsasən, elektrik qatarlarının qrafikində ciddi gecikmə halları müşahidə olunmayıb. Yalnız Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən bir sərnişin qatarında gecikmə qeydə alınıb. Belə ki, Bakı- Pirşağı- Sumqayıt istiqamətinin 46-cı km-də kontakt şəbəkəsində baş vermiş texniki nasazlığa görə qatar əks istiqamətdə hərəkət edərək Sumqayıt şəhərinə çatıb. Bu da öz növbəsində qatarın Abşeron dairəvi dəmir yolu üzrə qrafikində cüzi gecikməyə səbəb olub.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planı çərçivəsində 2022-ci ilin payız aylarından etibarən bütün təsərrüfatlar üzrə baxışlar həyata keçirilib, müvafiq texnikalar saz vəziyyətinə gətirilib, dəmir yollarında hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.

Qatarların fasiləsiz iş rejimini təmin etmək, yollarda və yoldəyişən qurğularda qarın təmizlənməsi üçün növbəli qrafik tutulur, işlərə 24 saat nəzarət olunur.

Sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməsi ilə bağlı müvafiq təlimatlar platformalarda yerləşdirilir və əlavə anonslar verilir.