Deputatlar icra başçısına görə mübahisə etdi - Yenilənib

deputatlar-icra-bascisina-gore-mubahise-etdi
Oxunma sayı: 8730

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlıyla həmkarı Musa Qasımlı arasında qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb pandemiya dövründə  Yardımlı rayonunda əhaliyə  yardım ərzaqlarının çatdırılmaması iddiası ilə bağlıdır. Belə ki, bir neçə gündür ki, deputat S. Rüstəmxanlı bu barədə mediada çıxış edib.

Bu gün parlamentin iclasında Yardımlıdan seçilən deputat Musa Qasımlı çıxış edərək bildirib ki, seçildiyi rayonda ərzaq payları ünvanı üzrə çatdırılıb. Bu məsələ ilə bağlı heç bir problem yoxdur. 

Daha sonra çıxış edən S. Rüstəmxanlı isə vurğulayıb ki, Yardımlıda əhali üçün ayrılan ərzaqların ünvanlara çatdırılmaması ilə bağlı mətbuatda obyektiv çıxış edib: “Mənə bu barədə insanlar müraciət edib və onların adından danışmışam. Amma Musa Qasımlı görünür, icra başçısının adından danışır. Onun seçicilərdən xəbəri yoxdur. Getsin kəndlərdə yaşayan əhalidən bu barədə soruşsun”.

Deputat Musa Qasımlı daha sonra çıxış edərək S. Rüstəmxanlıya belə reaksiya verib : “25 il deputatlıq müddətində 25 yetimin yesirin qapısını açmayan adamın millət adından danışmağına haqqı yoxdur və bu çox miskin görünür”.

Günel  Türksoy