“Deyirlər ki, bu qızları alan olmayacaq” - Reportaj

deyirler-ki-bu-qizlari-alan-olmayacaq-reportaj
Oxunma sayı: 778

Nərgizlə bir il əvvəl tanış olmuşam. Bir gün dərsə gedəndə auditoriyada gördüyüm bu qız mənə çox tanış gəlmişdi. Amma kim olduğunu dəqiqləşdirə bilməmişdim. Sonra Facebookda aksiyadan çəkilmiş fotolardan onu tanıya bildim və “bu qız o qızdır” dedim. Aradan bir il keçib. Bəlkə, indi bu ailəni hamı tanıyır. Xüsusilə də son aylar baş verən Nigar Yaqublunun və bir neçə gün əvvəl isə Tofiq Yaqublunun həbsi bütün medianın diqqətini onlara yönəltdi. Məni isə onları ziyarət etməyə məcbur edən bütün baş verənlərin kənarında qalmaq istəyən, lakin hadisələrin mərkəzində yer alan Yaqublular ailəsinin xanımı Maya Yaqubludur. Elə özü demişkən: “Siyasətdən qaçmaq istədim, özü məni tapdı”. Elə biz də bu ailə ilə siyasətdən bir az kənar söhbət etmək istədik.

Nəhayət, Nərgizlə görüşüb evlərinə getdik. Ev isə yenə qonaq-qaralı idi. Qonaqlar arasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var idi.

Söhbətə Nərgiz başlayır və bir az şikayətlənir: “Nigarın bütün işlərini həll etməyə ata gedirdi. İndi mən həm Nigarın, həm də atanın işlərini görürəm. Məktub, ərzaq göndərmək hamısı mənim üzərimdədir. Onların həbsdə olması xoş olmasa da, nə səbəbə həbs olunduqlarını biləndən sonra pis olmuram. Özümüzə təsəlli veririk ki, onlar azadlıq, demokratiya uğrunda həbsdədirlər”.

“İki ay özümə gələ bilmədim”

Sentyabrdan qızının yolunu gözləyən bu qadın indi də həyat yoldaşını gözləyir. Ondan Nigarsız keçən günləri soruşuruq: “Ana üçün qızından bir gün uzaq durmaq belə çətindir, mən isə iki ay qızımı görmədən qaldım. Heç bir anaya bunu arzulamıram.Nə yer bilirdim, nə göy. Heç yer məni tutmurdu. Darıxırsan, qəribsəyirsən. Nigar tutulanda çox pis oldum, iki ay özümə gələ bimədim. Yenə siyasətlə bağlı tutulsaydı.Qəzadan sonra heç sağlamlığı yerində deyildi, axsayırdı. Qəza zamanı çiynini kəmər kəsmişdi. Depressiyaya düşməməsi üçün hər gün sistem vururdular. Yüzlərlə qəza törədən var, hansı biri tutulub? Hansı biri barəsində Nigara edilənlər olub? Evdə iki bir nəfərin olmaması çox çətindir. Nigarı tutmaqla Tofiq bəyi sındırmaq istəyirdiər. Nigar iki ay yox, beş ay da orda qalsa, nə atası sınandır, nə də bu yoldan dönəndir. Elə özüm də sınmaram”.

“Nigar deyir ki, həbs olunduğum üçün hakimiyyətə çox təşəkkür edirəm”

Bəlkə də Tofiq Yaqublunun yeni həbs olunmasından, bəlkə də ailənin hələ bunu qəbul etməməsindən irəli gəlir ki, bu ailədə hər cümlə Nigarla başlayır, elə Nigarla da bitir.Nigar həbs olunmamışdan əvvəl hazır olduğunu deyən Nərgiz bunun dəhşətli bir şey olmadığını deyir: “Nigarın həbs xəbərini eşidəndə pis olmuşdum. Çünki ortada qərəz, siyasi ayrı-seçkilik var idi. Biz bilirdik ki, qəzada Nigarın olduğunu bilsələr, bu işi buraxmayacqlar və elə də oldu. Onlar bizi sındırmaq istəyirlər. Nigarın o an durumu pis idi, stress içində idi, hər gün ağlayırdı. Evdə yanına gələnlər də bu barədə danışırdılar, qəzanı xatırladırdılar. Nigar deyir ki, həbs olunduğum üçün hakimiyyətə çox təşəkkür edirəm, mənə vaxt verdi, özümə gələ bildim. Nigarın yanına gedəndə deyir ki, mənə görə heç kəs narahat olmasın, çox yaxşıyam.Şəraiti yaxşıdır, heç bir problemi yoxdur”.

“Həbsdən 20 gün sonra evimizə polis bölməsindən çağırış vərəqəsi gəldi”

Məlum qəzanın baş verdiyi tarixə avqustun 25-nə qayıdırq.Həmin qəzada Müsavat Partiyasının Məclis üzvü Aydın Acalov dünyasını dəyişmişdi: “Nigar isə sentyabrın 10-da həbs olundu. Elə o gün əlindəki bütün sənədləri xarici pasportu və şəxsiyyət vəsiqəsini almışdılar. Bütün sənədləri alınmışdısa, Nigar necə qaça bilərdi? Bizim xəbərimiz olmadan məhkəmə qurmuşdular və Nigara iki ay həbs verildi.Nigar həbs olunandan 20 gün sonra evimizə polis bölməsindən çağırış vərəqəsi gəlmişdi ki, Nigar Yaqublunu ifadə verməlidir. O çağırış vərəqəsi də əlimizdədir. Halbu ki, Nigar artıq həbs olunmuşdu”.

“Nərgizi də tutsalar, gərək özüm də gedim ora”

Bu zaman Maya xanım söhbətə qoşularaq qızların ona deyil, Tofiq Yaqubluya bənzədiyini söyləyir: “Həmişə qızlar anasına bənzəyir, biz də əksinədir. Qızlar atalarına meyilli oldu. Yəqin mən zəif çıxdım. Həmişə qızlara deyirdim ki, aksiyaya gedirsizsə, bir az ehtiyatlı olun.Hər şey ola bilər. Qızlar mitinqdə böyüyüb, elə mən də gedirdim. Son vaxtlar xəstələndiyim və ayaqlarım tutulduğu üçün gedə bilmirəm.Qızlar da böyüdü atasının yolu ilə getdi. Nərgiz gərək atası və bacısından sonra ehtiyatlı davransın, onu da tutub apara bilərlər. Axı bu ailədən ikisi içəridədir, onların arxasıyca getmək lazımdır.Nərgizi də da tutsalar, gərək 3 nəfərə yemək aparım, ya da özüm də gedim ora (Gülür). Evdə iki şəxsin olmaması bizə çox ağırdı, çətindir..

Siyasətə qarışmadığını deyən Maya xanım Nigar və Nərgizə aksiyadan getməmələrini dəfələrlə istəsə də, ona qulaq asan olmayıb: “Mənim sözümə qulaq asmırlar, atalarının sözünə qulaq asırlar. Deyirəm ki, razılaşdırılmamış aksiyaya getməyin”.

Elə bu an Nərgiz anasının sözünü kəsərək deyir: “Bir dəqiqə xahiş edirəm. Ata bizə “aksiyaya get” deməyib. O, həmişə bizə deyirdi ki, istəyirsizsə gedin. Sadəcə ehtiyatlı olun. O, bizdən ancaq Şəhidlər Xiyabanı və Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməyi deyib. Atamın günahı yoxdur, biz istəyirdik və aksiyaya getdik.
Mən heç vaxt düşünməmişəm ki, aksiyadan kənarda olum. Bu yoldan geri çəkilmək istəmirəm”.

“Tofiqə deyirdim ki, özün gedirsən gərək qızları aksiyaya qoymayardın”

Yaqublular ailəsinin xanımı da bütün analar kimi bu an ən çox qızlarının xoşbəxt görmək və tezliklə ailə qurmasını istəyir.Dəfələrlə qohum,qonşuların qızların aksiyada olduğunu ona irad tutduğunu da deyir: “Buna görə pis olmuram, siyasətçi ailəsidir də. Tofiqə deyirdim ki, özün gedirsən gərək qızları aksiyaya qoymayardın. Qız uşağına həmişə gərək ehtiyatla yanaşasan. Mən desəm də, deməsəm də öz fikirlərində qalacaqlar. Ən çox ondan qorxuram ki, polis vurar şikəst qalarlar”.

“Hamı deyir ki, bu qızları alan olmayacaq”

Elə söhbət evlənməkdən düşmüşkən Nərgizin çox hirsləndiyini görürük: “Hamı deyir ki, bu qızları alan olmayacaq. Bəlkə də evlənmək kimi bir fikir olmasaydı heç kim bizim aksiyaya çıxmağımıza pis baxmazdı. Mən də deyirəm narahat olmayın. Ola bilsin ki, elə adam var düşünür ki, bu qızlarla evlənərəm, deyərəm aksiyaya getməyin getməzlər.

Qohumlarımız deyir ki qız uşağını polisə aparsalar. Mən yalan danışmıram, şər atmıram,rüşvət almıram ki, aksiyaya gedirəm də. mənə maraqlı deyil onların fikri. Mənə deyirlər ki, aksiyaya çıxma, səni polis döyəcək, onsuz da heç nə olmayacaq. Mənə bu sözü deməkdənsə, gəl mənə dəstək ol. Onda polis məni tutmayacq. Evdə şikayətlənməklə heç nə olmur. Mən təkəm deyə polis məni vuracaq. Amma etiraf edim ki, polis mənə dubinka vurmayıb.

“Yəqin bir dəfə də analarının sözünə qulaq asıb evlənərlər”

Maya xanım 20 yaşında evlənsə də, qızların tez evlənməsini istəmədiyini bildirir: “Hər şeyin öz yaşı var. Mən 20 yaşında evlənmişəm. Qızlarıma arxayınam, vaxtı gələndə evlənmək istəyəcəklər. Yəqin bir dəfə də analarının sözünə qulaq asıb evlənərlər (gülür). Nigarı çox istəyən oldu, nə qədər elədim getmədi.Hər dəfə deyirdi ki, camaatı mənim başıma yığma.

“Axırda Nigarın yerinə özüm həbsxanaya gedəcəm”

Görüşümüz şənbə günü baş tutduğundan hər həftə olduğu kimi bu bazar da Yaqublular ailəsi Nigarı ziyarətə gedəcəkdi, amma bu dəfə iki məhbusluq yemək hazırlayırdılar. Nərgiz isə belə getsə Nigarın yerinə həbsxanaya gedəcəyini, hətta zarafatla Nigarı ən çox evə qonaq gələn zaman yanında arzuladığını da deyir: “Evdə heç olmadığım üçün bu barədə çox düşünmürəm. Bütün günü həbsxanaya yemək aparmaqla məşğuluq. Axırda Nigarın yerinə özüm həbsxanaya gedəcəm. Məncə, Nigar bizdən də daha təhlükəsiz yerdədir. Rəfiqələrim, ətrafımda olanlar aksiyada nə işin var sözünü deməyiblər, əksinə hamı deyir ki, Nərgiz şəklini gördük. Universitetin kitabxanasında oğlan bir dəfə qəzetdə şəklimi görəndə mənə qorxa-qorxa dedi ki şəklin var, dedim nə olsun”.

“Bacılarımı aksiyaya qoymazdım”

Və nəhayət, bu ailənin iki qızından başqa bir oğlu da var. Adı Rəhimdir, 9-cu sinifdə oxuyur. Sonda o da bizə qoşuldu. İdmanla məşğul olduğunu deyən Rəhim hər sözündən sonra anasına yönəltdiyi baxışları ilə sanki mən sənin yanındayam demək istəyirdi: “Mən də istəyirəm bacılarım kimi aksiyalara qatılım. Mən də Nigar kimi olmaq istəyirəm. Amma həm anamın, həm də atamın fikri ilə razılaşmaq istəyirəm. Mən bacılarımdan böyük olsaydım onları aksiyaya qoymazdım, özüm gedərdim”.


Günel Əbilova