Almaniyalı alimlər ilk dəfə olaraq dondurulmuş siçanın beyin toxumasının əridildikdən sonra qismən fəaliyyətini bərpa edə bildiyini açıqlayıblar.
“Qafqazinfo” xəbər verir ki, tədqiqat nəticələri “Nature” elmi jurnalında dərc olunub.
Araşdırmaya görə, dondurma prosesindən sonra beyin toxuması əridildikdə sinir fəaliyyətinin müəyyən dərəcədə yenidən başladığı müşahidə edilib. Mütəxəssislər hesab edir ki, bu üsul gələcəkdə ağır beyin zədələrinin müalicəsi, orqan banklarının yaradılması və hətta məməlilərin bədəninin dondurularaq qorunması kimi sahələrdə yeni imkanlar aça bilər.
Tədqiqat Erlangen-Nürnberq Universitetinin nevroloqu Aleksandr Germanın rəhbərliyi ilə aparılıb. O bildirib ki, araşdırmanın əsas sualı belə olub: “Əgər beyin funksiyası onun fiziki quruluşundan qaynaqlanırsa, tam dayandıqdan sonra onu yenidən necə aktivləşdirmək mümkündür?”
Alimlərin sözlərinə görə, beyin toxumasının dondurulduqdan sonra funksiyasını itirməsinin əsas səbəblərindən biri buz kristallarının hüceyrələrə vurduğu zərərdir. Dondurma zamanı əmələ gələn kristallar hüceyrələrin incə quruluşunu pozur, sinir əlaqələrini zədələdir və hüceyrə metabolizmasını dayandırır.
Bu problemi aradan qaldırmaq üçün tədqiqatçılar “vitrifikasiya” adlanan üsuldan istifadə ediblər. Bu metod mayelərin çox sürətlə soyudularaq buz kristalları əmələ gətirmədən şüşəyə bənzər quruluşa keçməsinə imkan verir.
Araşdırmada siçan beynindən götürülmüş təxminən 350 mikrometr qalınlığında toxuma dilimləri istifadə olunub. Bu nümunələrə öyrənmə və yaddaş üçün mühüm olan hipokampus bölgəsi də daxil edilib.
Toxumalar əvvəlcə qoruyucu kimyəvi maddələrdən ibarət məhlulla işlənib, daha sonra isə -196°C temperaturda maye azotla sürətlə dondurulub. Nümunələr -150°C temperaturda 10 dəqiqədən 7 günədək saxlanılıb.
Dondurulmuş toxuma əridildikdən sonra aparılan mikroskopik analizlər sinir hüceyrələrinin membranlarının, əsasən, toxunulmaz qaldığını göstərib. Elektrik ölçmələri isə neyronların stimullara reaksiyasının böyük ölçüdə normaya yaxın olduğunu ortaya qoyub.
Bundan əlavə, öyrənmə və yaddaşın əsas mexanizmlərindən biri sayılan “uzunmüddətli gücləndirmə” siqnalları da müşahidə edilib.
Tədqiqatçılar bildirirlər ki, təcrübələr yalnız laboratoriya şəraitində saxlanılan kiçik beyin toxuması dilimləri üzərində aparılıb və metodun hələlik bütöv beyin və ya canlı orqanizm üzərində tətbiqi mümkün deyil.
Bununla belə, alimlər hesab edirlər ki, bu nəticələr kriogen texnologiyaların inkişafı üçün mühüm addım sayıla bilər. Gələcəkdə bu üsullar ağır beyin travmalarında toxumaların qorunması, orqan transplantasiyası üçün uzunmüddətli saxlanma və böyük orqanların qorunması kimi sahələrdə istifadə oluna bilər.
Mütəxəssislər vurğulayırlar ki, insanların uzun müddət “kriogen yuxuya” yatırılması və ya bütün bədənin dondurulması kimi elmi fantastika ssenarilərinin reallığa çevrilməsi üçün hələ çoxsaylı elmi maneələr mövcuddur.
Son xəbərlər
Son Xəbərlər