Dünya Azərbaycanlıları Fondunun Münhen forumu keçirilib - Fotolar

dunya-azerbaycanlilari-fondunun-munhen-forumu-kecirilib
Oxunma sayı: 1593

Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Forumda 3 yeni olmaqla 18 ölkədən təmsilçilər iştirak edib.

Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayan Forumun baş katibi Hikmət Cavadov görülən işlər, həyata keçirilən layihələrlə bağlı iştirakçılara geniş məlumat verib. Forumda çıxış edən Fondun həmtəsisçisi Emil Mirzəyev qeyd edib ki, bu ilin may ayında Stokholmda (İsveç) təsis edilən təşkilat avqust ayında rəsmi qeydiyyatdan keçib. O, Fondun qeydiyat sənədlərini forum iştirakçılarına təqdim edib.

Forumda çıxış edənlər Fondun strukturundan, qarşıya qoyulan məqsədlərdən bəhs ediblər.
 
Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında koordinasiyanın daha düzgün və effektiv qurulmasına ehtiyac var.

Əlavə olunub ki,  azərbaycanlılar dövlətimizin milli maraqları naminə təmsil olunduqları ölkələrin parlamentləri, dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarıyla əlaqələri gücləndirməlidirlər. 

Qeyd olunub ki, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda qələbə ilə başa çatmış 44 günlük müharibəni həzm edə bilməyən Ermənistan dövləti və onun Avropadakı havadarları Qarabağdakı separatçı rejimə açıq və ya gizli dəstək göstərərək bölgəmizi yeni savaş təhdidləri ilə üz-üzə qoyub. 

Forumda diaspor fəallarından diqqətli olmaları, yaşadıqları ölkələrin media resurslarında dünya ictimaiyyətinə bölgədə baş verən hadisələrlə bağlı obyektiv informasiyalar vermələri tövsiyə olunub.

Çıxışlardan sonra müzakirələr əsasında daha operativ fəaliyyət üçün Fondun 4 komitəsi yaradılıb. 

Sonda Forum iştirakçıları adından Dünya azərbaycanlılarına müraciət qəbul olunub.