Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir

dunya-opera-ulduzlari-bu-tamasaya-gore-bakiya-gelir
Oxunma sayı: 495

24, 25 və 27 oktyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya opera sənətinin şah əsərlərindən biri olan Cakomo Puççininin “Turandot” operasını Heydər Əliyev Sarayında tamaşaçılara təqdim edəcək.

“Qafqazinfo” xəbər verir ki, 3 günlük premyera Azərbaycan opera sənətinin həyatında əlamətdar hadisələrdən biri olmaqla yanaşı, beynəlxalq səviyyəli sənət əməkdaşlığının parlaq nümunəsi olacaq.

Beynəlxalq opera səhnələrində tanınan ifaçılar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri ilə eyni səhnədə çıxış edəcəklər.

Belə ki, premyeranın ilk günü – 24 oktyabrda – dirijor pultu İtaliyanın tanınmış dirijoru Beatriçe Veneziyə həvalə olunacaq. Turandot partiyasını İtaliya opera səhnəsinin tanınmış sopranosu Karmen Cannattasio, Kalaf partiyasını isə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək.

25 oktyabrda isə tamaşa Əməkdar artist Fəridə Məmmədovanın ifasında Turandot obrazı ilə təqdim olunacaq. Kalaf partiyasını Çilidən olan tenor Dieqo Qodoy ifa edəcək. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev olacaq. Bu nümayiş eyni zamanda Fəridə Məmmədovanın 50, səhnə fəaliyyətinin 30 illik yubileyinə həsr olunacaq.

Nəhayət, 27 oktyabrda 3 günlük premyera silsiləsinin son tamaşasında Turandot obrazını Əməkdar artist İlahə Əfəndiyeva, Kalaf obrazını isə Əməkdar artist Fərid Əliyev ifa edəcək. Tamaşanın dirijoru Mustafa Mehmandarov olacaq.