Dünyanı dəyişən dəhşətli hadisədən 25 il ötür - Fotolar

dunyani-deyisen-dehsetli-hadiseden-25-il-otur
Oxunma sayı: 902

11 sentyabr 2001-ci ildə ABŞ-də törədilən terror aktının üzərindən 25 il ötür.

“Qafqazinfo” xəbər verir ki, həmin gün “Əl-Qaidə” terror təşkilatı ABŞ şəhərlərində əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə qarşı silsilə terror aktları həyata keçirib. 

Belə ki, 19 terrorçunun ələ keçirdiyi 4 sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin “Əkiz Qüllələr”inə, biri Pentaqona çırpılıb, dördüncü təyyarə isə Pensilvaniyada qəzaya uğrayıb. Hücumlar nəticəsində terrorçular istisna olmaqla, ümumilikdə 2977 nəfər həyatını itirib ki, onlardan 412 nəfəri fövqəladə hallar xidmətlərinin əməkdaşları idi. Təxminən 200 nəfər isə xilas olmaq ümidilə özlərini binalardan ataraq həlak olub, daha 24 nəfər itkin düşüb. “Əkiz qüllələr”in çökməsi nəticəsində ətrafa yayılan kimyəvi maddələrin səbəb olduğu xəstəliklər sonradan azı 2 min nəfərin ölümü ilə nəticələnib.

Fotoda: Xilas olmaq üçün “Əkiz Qüllələr”dən tullanan şəxslər

11 sentyabr hücumlarından sonra ovaxtkı ABŞ Prezidenti Corc Buş-oğul xalqa müraciət edərək terrorizmə qarşı müharibə elan edib. Bu zaman ABŞ hakimiyyəti hücumların təşkilində “Əl-Qaidə” lideri Usama bin Ladeni günahlandırıb. Həmin vaxt Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti bu ölkədə gizlənən Bin Ladeni ABŞ-yə təhvil verməkdən imtina etdikdən sonra Vaşinqton hərbi müdaxilə qərarı verdi və 2001-ci il oktyabrın 7-də ABŞ və Böyük Britaniya Əfqanıstanda “Sarsılmaz azadlıq” əməliyyatına başladı.

Fotoda: Corc Buşa terror aktlarının baş verməsi haqqında məruzə edilir

Əməliyyatın əsas məqsədi Əfqanıstandakı terrorçu bazalarını məhv etmək və “Əl-Qaidə” rəhbərlərini ələ keçirmək idi. Hərbi müdaxilə nəticəsində 1996-cı ildən Əfqanıstanı idarə edən “Taliban” hökuməti hakimiyyətdən uzaqlaşdırıldı və ölkədə yeni hökumət quruldu. Müəyyən dövrdə Əfqanıstanda xidmət edən ABŞ kontingentinin sayı 100 min nəfəri keçdi. Vaşinqton 2001-2019-cu illər aralığında Əfqanıstandakı hərbi əməliyyatlara təxminən 778 milyard dollar vəsait xərclədi. 

2011-ci il mayın 2-də isə ABŞ xüsusi təyinatlıları Usama bin Ladeni Pakistanda qətlə yetirdi. Buna baxmayaraq, onun zərərsizləşdirilməsi Əfqanıstandakı müharibəyə son qoymadı. 2014-cü ildən etibarən ABŞ və NATO bu ölkədəki hərbi kontingenti tədricən azaltmağa başladı. 2021-ci ildə Prezident Co Bayden ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılacağını açıqladı. Bundan sonra “Taliban” qısa müddətdə ölkənin böyük hissəsinə nəzarəti ələ keçirdi və avqustun 15-də Kabilə daxil olaraq hakimiyyətini yenidən bərpa etdi. 

Fotoda: ABŞ rəhbərliyi Bin Ladenin qətlə yetirilməsinin görüntülərini izləyir

ABŞ qoşunlarının çıxarılması zamanı Kabil hava limanında yaşanan xaos çoxsaylı insan tələfatına səbəb oldu. Ümumilikdə Əfqanıstandakı 20 illik müharibə NATO qüvvələrinin də ağır itkiləri ilə nəticələndi: bu müddət ərzində 3500-dən çox NATO hərbçisi, o cümlədən 2400 amerikalı hərbçi həlak oldu. Müharibə veteranları arasında psixoloji problemlər və intihar halları geniş yayıldı. Bir çox hesablamalara görə, 2001-ci ildən indiyədək hərbi əməliyyatlar zamanı 7057, intihar nəticəsində isə 30177 nəfər amerikalı hərbçi həlak olub.

Beləliklə, 11 sentyabr hücumları ABŞ-nin xarici siyasətini və dünyanın təhlükəsizlik sistemini köklü şəkildə dəyişdi. Bu hadisələr həm ABŞ, həm də Əfqanıstan üçün uzunmüddətli və ağır nəticələri olan tarixi dönüş nöqtəsinə çevrildi.