DYP kvadrosikl qəzası ilə bağlı müraciət yaydı

dyp-kvadrosikl-qezasi-ile-bagli-muraciet-yaydi
Oxunma sayı: 1086

Baş Dövlət Yol Polisi İdarəsi Qubadakı kvadrosikl qəzası ilə bağlı müraciət yayıb.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrosikllə törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrosikl daş hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Son dövrlər istirahət və turizm məkanlarında geniş istifadə edilən kvadrosikllərin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi narahatlıq doğurur. Belə ki, bu tip nəqliyyat vasitələrinin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarə olunması həyat və sağlamlıq üçün real təhlükə yaradır. Bəzən də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.

Nəzərə alınmalıdır ki, kvadrosikl konstruktiv xüsusiyyətlərinə görə sabitliyi məhdud olan nəqliyyat vasitəsidir və onun məsuliyyətsiz şəkildə idarə olunması sürücü üçün yüksək risk yaradır.

Eyni zamanda kvadrosikllərin ümumi istifadədə olan yollarda idarə edilməsi yalnız müvafiq sürücülük hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, adətən çətin relyef şəraitində, dağlıq ərazilərdə istifadə olunan bu növ nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, sürət həddinin və yol şəraitinin nəzərə alınması, baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”.