“Əbədi yaşayanlar-Şəki şəhidləri” kitabı çapdan çıxıb

ebedi-yasayanlar-seki-sehidleri-kitabi-capdan-cixib
Oxunma sayı: 3400

Bu günlərdə jurnalist Rəfiqə Sadıqovanın “Hədəf” nəşrlərində “Əbədi yaşayanlar – Şəki şəhidləri” kitabı  çapdan buraxılıb. 

Yeni nəşrdə  44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalan şanlı Ordumuzun sıralarında düşmənə layiqli cavab verərək şəhidlik zirvəsinə ucalan şəkili  igidlərin şərəfli ömür və döyüş yollarından söz açılır. Azərbaycan Prezidenti  İlham Əliyevin “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” fikri ilə açılan kitabın layihə rəhbəri Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ideya müəllifi Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şəki rayon şöbəsinin rəisi, polkovnik Yalçın Sadıqlı, redaktoru isə tarix elmləri doktoru, professor Həsənbala Sadıqovdur.

Kitab tarixləşən ömürlərin şərəfli anlarını oxuculara yaxından tanıdır. Birinci Qarabağ savaşlarında da şəkili gənclər könüllü olaraq döyüşlərdə iştirak edib və onlardan 214 nəfəri şəhidlik zirvəsinə ucalıb. Şəkidən 4 nəfər Aprel döyüşlərinin şəhidi olub.

Çapdan buraxılan 360 səhifəlik, bədii və texniki tərtibat baxımdan da diqqət çəkən, kitabda istər Vətən müharibəsi şəhidlərinin, istərsə də Qələbə  sevinclərini bölüşmək üçün meydan və küçələrə axışan gənclərin coşqusu rəngli şəkillərlə öz əksini tapıb.