Buffon da millidən istefa verdi

buffon-da-milliden-istefa-verdi
Oxunma sayı: 772

İtaliya milli komandasının sabiq qapıçısı və nümayəndə heyətinin rəhbəri Canluici Buffon DÇ-2026-dan kənarda qaldıqdan sonra istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, əfsanəvi futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Buffon Bosniya və Herseqovina ilə oyundan dərhal sonra istefa vermək istədiyini, lakin müəyyən müddət gözləməli olduğunu bildirib:

“Bosniya ilə oyundan bir dəqiqə sonra istefa vermək daxili bir ehtiyac idi. Bu, göz yaşlarım qədər təbii və qəlbimdəki ağrı qədər səmimi idi. Federasiya prezidenti Qabriele Qravina geri addım atmağa qərar verdiyi üçün indi mən də özümü məsuliyyətli hiss edərək bu addımı atıram”.

Buffon qısa müddətdə böyük işlər gördüklərini, lakin əsas məqsədə – İtaliyanı dünya çempionatına qaytarmaq hədəfinə çata bilmədiklərini etiraf edib:

“Əsas hədəf İtaliyanı dünya çempionatına aparmaq idi və biz buna nail ola bilmədik. Gələcək rəhbərliyin öz komandasını qurması üçün bu qərarı verməyim vacibdir. Milli komandanı təmsil etmək uşaqlıqdan mənim üçün böyük şərəf olub”.

Xatırladaq ki, İtaliya millisi pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olaraq ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb. Bu uğursuzluqdan sonra İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina da istefa verdiyini açıqlamışdı.