“Ədalətli cəmiyyətdə yaşamaq ən böyük mükafatdır”

edaletli-cemiyyetde-yasamaq-en-boyuk-mukafatdir
Oxunma sayı: 856

Hüquqşünas İntiqam Əliyev “People İn Need” təşkilatı tərəfindən “2012-ci ildə dünyanın ən yaxşı hüquq müdafiəçisi” mükafatına layiq görülməsindən danışıb. “Qafqazinfo”ya açıqlamasında hüquqşünas bildirib ki, insanlara bu qədər əziyyət verdildiyinə görə üzülür: “İkili hiss keçirirəm. Bir tərəfdən düşünəndə ki, bu ölkədə nə qədər dəyərli insanlar var ki, uzun illərdir, yorulmadan mükafatsız-filansız haqq işi uğrunda çalışırlar. Fərqləndirilməyim onlara qarşı haqsızlıq kimi gəlir. Bu gün baxışlarına görə hələ də həbsdə yatan insanlar var. Əvəz Zeynallı həbsxanadan təbrik göndərmişdi mənə. Çox sevindim, həm də kədərləndim, bir an elə gəldi ki, bu mübariz insanın, o cümlədən Hilal Məmmədovun, Tofiq Yaqublunun, İlqar Məmmədovun, baxışlarına görə həbsə atılan digər insanların haqqını yemişəm.

Həm də ona görə üzülürsən ki, övladlarımızın ədalətli cəmiyyətdə yaşamaq haqqını təmin edə bilməmişik. Ölkənin indiki durumuna görə, mənim də məsuliyyətim var. Düşünürsən ki, kaş vətəndaş borcunu yerinə yetirən insanlara mükafat-filan verilməyən ölkədə yaşayaydıq. İnsan üçün ədalətli cəmiyyətdə yaşamaq ən böyük mükafatdır. Amma düşünəndə ki, bu mükafat əslində konkret İntiqam Əliyevə deyil, ardı-arası kəsilməyən repressiyalara, məhrumiyyətlərə baxmayaraq dəyişikliklər uğrunda çalışan insanlara, vətəndaş cəmiyyətinin səylərinə verilən qiymətdir, bu, həm də sevindirir”.

Onun sözlərinə görə, mükafatın təqdim ediləcəyi dövrdə Praqada həm də insan haqları ilə bağlı sənədlərin festivalı keçiriləcək: “Çox böyük bir tədbirdir. Həmin tədbirə dünyanın bütün ölkələrindən çoxlu sayda yaradıcı insanlar, media təmsilçiləri, siyasilər, dövlət adamları, tanınmış insanlar, hüquq müdafiəçiləri, fəallar qatılacaq. Azərbaycanla bağlı da filmlər nümayiş etdiriləcək. Bu anlamda bu hadisə Azərbaycan barədə həqiqətləri həm də dünyaya çatdırmaq üçün bir imkandır. Fürsətdən istifadə edərək təbrik edən hər kəsə bir daha minnətdarlığımı çatdırmaq istərdim. İnsanların verdiyi dəyər mükafatların ən qiymətlisidir”.

Qeyd edək ki, sözügedən mükafat 1994-cü ildən təqdim edilir. Onun laureatları Çin dissidenti Lyu Syabo (sonradan Nobel Sülh Mükafatına layiq görülüb), Belarusiyalı hüquq müdafiəçisi Ales Belyatski və başqaları olub.

Günel Türksoy