Ötən gün “Turan Tovuz”un Kürdəxanı qəsəbəsində inşası davam edən təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə diqqətçəkən məqamlardan biri də mərasimə çağırılan qonaqlarla bağlı olub.
Belə ki, qonaqlar arasında nə AFFA, nə də Peşəkar Futbol Liqasının rəhbərliyində təmsil olunan şəxslər qeydə alınıb. Ölkə futboluna cavabdeh qurumların rəhbərliyində təmsil olunan şəxslərin tədbirdə iştirak etməməsi isə müzakirələrə səbəb olub.
Bəs, görəsən, onlar belə vacib tədbirdə niyə iştirak etməyib?
Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətidən saytımıza bildirilib ki, açılışda iştirak etmək üçün onlara dəvət göndərilməyib. AFFA ilə yanaşı, PFL rəhbərliyi də tədbirə dəvət edilməyib.
Qeyd edək ki, bir müddət öncə AFFA-nın İntizam Komitəsi “Turan Tovuz”u 20 min manat cərimələmişdi. Buna səbəb kimi bölgə təmsilçisinin bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verməsi göstərilmişdi. Bundan sonra tərəflər arasında soyuq münasibət yarandığı iddia olunurdu.
Xatırladaq ki, “Turan Tovuz”un idarə heyətinin rəhbəri Ehtiram Quliyevdir.