Rəqib qapıçının zədələnməsinə məhəl qoymayıb qol vurdu - “Enfild”də qalmaqal - Video

reqib-qapicinin-zedelenmesine-mehel-qoymayib-qol-vurdu
Oxunma sayı: 878

İngiltərə Premyer Liqasının 34-cü turunda keçirilən “Liverpul” - “Kristal Pelas” matçında qeydə alınan epizod müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşdə “Liverpul” 3-1 hesabı ilə qalib gəlsə də, matçın ən çox diqqətçəkən anı “Kristal Pelas”ın vurduğu qol olub.

Belə ki, oyunun 71-ci dəqiqəsində “Liverpul”un qapıçısı Freddi Vudman yaxın məsafədən zərbəni dəf etdikdən sonra zədələnərək yerə yıxılıb. Həmin an oyun dayandırılmayıb və epizod davam edib.

Bu vəziyyətdə “Kristal Pelas” futbolçusu Daniel Munyos topu götürərək boş qalan qapıya zərbə endirib və qol vurub.

Qol “Liverpul” oyunçuları və azarkeşləri tərəfindən ciddi etirazla qarşılanıb. Onlar qapıçının yerdə olmasına baxmayaraq, oyunun dayandırılmamasını ədalətsiz hesab ediblər.

“Liverpul” görüşdə üstünlüyünü qoruyaraq, 3-1 hesabı ilə qalib gəlib. Komandanın qollarını Aleksandr İsak (35-ci dəqiqə), Endi Robertson (40-cı dəqiqə) və Florian Virts (90+6-cı dəqiqə) vurub. “Kristal Pelas”ın yeganə qolunu isə Daniel Munyos qeyd edib.