Dünya şöhrətli ulduz Maykl Ceksonun ən yaxın çevrəsi hesab olunan Kasio (Cascio) ailəsinin dörd üzvü uzun illər davam edən sükutu pozaraq müğənniyə qarşı ağır ittihamlar irəli sürüblər.
“Qafqazinfo” “People”a istinadla xəbər verir ki, aprelin 24-də “New York Times” qəzetinə müsahibə verən Aldo, Eddi, Dominik və Mari Nikol uşaqlıq illərində ulduz tərəfindən cinsi istismara məruz qaldıqlarını bildiriblər.
Özlərini illərlə Ceksonun “ikinci ailəsi” kimi təqdim edən qardaş-bacılar artıq müğənninin miras fonduna qarşı məhkəmə iddiası qaldırıblar.
İddiaçılar bildiriblər ki, Maykl Cekson onları təkcə istismar etməyib, həm də digər ittihamlardan qorunmaq üçün bir “əsgər” kimi yetişdirib:
“Beynimiz yuyulmuşdu. O, dünyanın ən böyük ulduzu idi və bizə onu necə müdafiə etməli olduğumuzu öyrətmişdi. Bizi özünü qorumaq üçün proqramlaşdırmışdı”.
Kasio ailəsi illərdir həm Ceksonun sağlığında, həm də ölümündən sonra onun günahsız olduğunu müdafiə edirdi. Lakin onlar 2019-cu ildə yayımlanan “Neverland-dən qaçış” (Leaving Neverland) sənədli filmini izlədikdən sonra “ayıldıqlarını” və yaşadıqlarının travma olduğunu anladıqlarını qeyd ediblər.
Məlumata görə, tərəflər arasında 2020-ci ildə gizli bir razılaşma olub və ailəyə 16 milyon dollar ödənilib. Lakin 2025-ci ildə ödənişlər dayandıqdan sonra Kasio ailəsi daha böyük kompensasiya tələbi ilə məsələni ictimailəşdirib.
Maykl Ceksonun miras fondunun vəkili Marti Singer isə ittihamları kəskin rədd edib:
“Bu, növbəti bir pul tələbi sxemidir. Onlar 25 il boyunca Mayklın günahsız olduğunu and içərək deyirdilər. İndi isə fonddan 213 milyon dollar qoparmaq üçün bu çirkin iddiaları ortaya atırlar”.
Qeyd edək ki, bu ittihamlar Maykl Ceksonun həyatından bəhs edən “Michael” bioqrafik filminin dünya premyerası ilə eyni gündə dərc olunub. Hazırda tərəflər arasında məhkəmə çəkişməsi davam edir.
Son xəbərlər
Son Xəbərlər