“Əks halda qadınların güzgülərdən küsməsinə səbəb ola bilərsən” - İş xanımı

eks-halda-qadinlarin-guzgulerden-kusmesine-sebeb-ola-bilersen
Oxunma sayı: 7319

Həkim-kosmetoloq Sevinc Əsgərova kosmetologiya sahəsində fəaliyyəti, tətbiq etdiyi metodlar, uğurlu iş təcrübəsi ilə bağlı müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Niyə məhz kosmetologiya?

- Mənə görə kosmetologiya ən çətin və ən məsuliyyətli sahədir. Mən bu sənətə gələndə düşünürdüm ki, tibbi xidmət sahəsidir, yalnız xanımların üzünün gözəlləşdirilməsi ilə məşğul olur. Lakin illər ötdükcə, təcrübə qazandıca, anladım ki, bu sənətin həm də psixoloji tərəfləri çox vacibdir. Çünki, bir qadın minlərin içindən səni seçir, sənə etibar edir və üzünü gözəlləşdirmək ümidi ilə sənin yanına gəlir. Sən isə bu ümidi doğrultmalısan. Buna məcbursan, əks halda bir qadının ruh düşkünlüyüə, depressiyaya düşməsinə, güzgülərdən küsməsinə səbəb ola bilərsən. Ona görə də, çətinliyi ilə bərabər bu sənəti çox sevirəm.

- Kosmetologiyada sizə məxsus olan metodunuz varmı?

- Mənə məxsus metodlardan biri təbiiliyə üstünlük verməyimdir. Mənim botoks proseduru etməyim daha fərqlidir. Çünki mən az nöqtələrə botoks vurmaqla ideal nəticə alıram və təbiiliyi pozmadan, bir xanımın mimikalarını itirmədən nəticə əldə edirəm. Botoks, bilirsiniz ki, toksindir. Xeyirli olduğu qədər, ziyanlı tərəfləri də var. Ona görə də botoksu az nöqtələrə vurmaqla ideal nəticə alıram. Bu, mənim özəl metodumdur.

- İş xanımı kimi həm ailəyə, həm də işə necə vaxt çatdırırsınız?

- Mənim üçün ailə çox önəmlidir. Tərbiyəli övlad hər bir valideynin gələcəyinin qarantıdır. Ona görə də övladlarıma daha çox vaxt ayırıram. Onların tərbiyələrinə, təhsillərinə daha çox diqqət yetirirəm. Amma Azərbaycan qadını çox güclüdür, zərif olduğu qədər də məsuliyyətlidir. Uğurlu iş qadını həm ailəsinə, həm də öz işinə vaxt çatdırmağı bacarmalıdır.

- Dostunuz çoxdur?

- Mənə açıq olan, səmimi olan hər kəsə dostam. Bəzən deyirlər, dost pis gündə tanınar. Onunla da razı deyiləm. Çünki bəzən elə olur ki, illərlə görmədiyimiz dostlarımız olur və qəlbimizdə dost yerini tutmuş olur.

Bizim sahədə olan dostlarıma gəlincə isə, mən bütün həmkarlarımla dostam. Gec-gec görüşsək belə... Hər zaman öyrənməyə və öyrətməyə açığam, hər birini özümə dost bilirəm.

- Təcrübənizdə xatırladığınız xüsusi hadisə varmı?

- Təcrübəmdə xatırladığım, yaddaqalan hadisələr çoxdur. Bunlardan ən önəmlisi, ən gözəli qocalar evini ziyarət etməyimdir. Artıq bunu ənənə halına salmışam, hər bayramda qocalar evində ziyarətdə oluram və arzusunda olan bir xanımı seçib ona prosedurlar edirəm, gözəlləşdirirəm. Çünki onların da bir qadın kimi diqqətə, sevgiyə ehtiyacları var. Mənim üçün ən önəmli, ən yaddaqalan hadisələr o günlərdir. Mən arzu edərdim ki, bu ənənə halına gəlsin və bütün həkimlərimiz heç olmasa, ildə bir gün bu xanımlara diqqət yetirsinlər.

Foto-Video: Pərvin Zeynal