“Elə xoş söz danışırsan, oluram məsti-xumar” – Qəzəl

ele-xos-soz-danisirsan-oluram-mesti-xumar-qezel
Oxunma sayı: 1415

Tora bir halda ki, saldın bu təbəssümlə məni,
Ey gözəl, bol elə öz lütfünü, tilsimlə məni.

Nə bilim, nəymiş adım hüsnünə məftun olalı?
Salmayıbsan elə bir çıxmaza him-cimlə məni.
Yanılırlar ki, tuturlar məni Məcnuna qiyas-
Dəli əskikdi ki, el bir tuta gör, kimlə məni?

Elə xoş söz danışırsan, oluram məsti-xumar,
Düşürür cəzbənə nitqindəki hər cümlə məni.

Bilirəm, çox iriyəm, qəlbinə sığmaz biriyəm,
Ələ al gubbanı döy, könlünə pərcimlə məni.

Neylərəm, mən yaşamı gəlsin əcəl, getsin Oğuz
Yada salmırsa gözəl, gün nədi, mövsümlə məni.

***

Görməzsə gözüm hüsnunu, hədyan deyəcəkdim.
Əfsanə bilib Leyliyə böhtan deyəcəkdim.

Eşq adlı bütün söylənən əsrara “fırıldaq”,
Məcnuna “fırıldaqçı bir insan”- deyəcəkdim.

Öz xəttini Xaliq hələ xətm eyləməsəydi,
“Cöhrəndi sənin növbəti Quran.”- deyəcəkdim.

“Yox sərvəti qurban demək asan”- deməsəydin,
“Qurban sənə dünyadakı hər yan.”- deyəcəkdim

Cənnət dediyin hurri – mələk yurdusa, hərgah,
“Cənnətmi görən baxdığın eyvan?”- deyəcəkdim.

Qorxdum, sənə- “qatil”- deyələr, tez geri döndüm,
“Yar uğruna öz canımı qurban”- deyəcəkdim.

Loğmanlar “unut” – söylədi, ar eyləməsəydim
“Dərdin özüdür Heydərə dərman.”- deyəcəkdim.

***

Gözlərim gördü cəmalın, yenə qan oldu könül,
Ürəyim parçalanıb dərdə məkan oldu könül.

Tökdü göz duzlu suyun cıbrığı çıxmış ciyərə,
Ciyərim öylə kabab oldu, yalan oldu könül.

Mən dedim gizli tutam eşqimi tökdün yaşımı,
Gözlərim qanla adın yazdı, əyan oldu könül.

Tale uğrunda fələklərlə qumar oynayıram,
Bu ədalətsiz oyunlarda tavan oldu könül.

Tüstülər çıxdı başımdan sanıb atəşgədəyəm,
Mənə məlun dedilər qəhrə nişan oldu könül.

Qəhrini çəkməyə insanda məharət gərəkir.
Hardadır məndə məharət ki, xəzan oldu könül.

Heydərin bağrını neyçün belə qan etmədəsən?
Sənə yetməzmi əzablarla viran oldu könul.

***

Yurdum, danışaq gəl, azacıq biz yenə səndən,
Bir xatirə qalsın sənə məndən, mənə səndən.

Aldanma, yalandır desə övladların: “əsla
Üstün ola bilməz bizə heç kimsənə səndən”.

Bizdik sənə “namus”, pula “əl çirki” deyənlər.
“Əl çirkini” hər dəm çəkərik biz önə səndən.

Boş sözdü, desək: – uğruna candan keçərik biz,
Bir axça kifayət eləyər üz dönə səndən.

Bir kimsə görüncə kəsərik söhbəti dərhal,
Yalnız deyərik yaxşı kəlam kölgənə səndən.

Heyrət ki, düşüb ayrı ürəklər çənələrdən -
Qəlbim eləyir söhbəti şahdan, çənə səndən.

Heydər deyər: – əfv eylə mənim cəhlimi, yurdum,
Arsız kimi söhbət açıram mən sənə səndən.