Elektrik kəsildi, Bakı-Pirşağı qatarı yolda qaldı - Açıqlama+Yenilənib

elektrik-kesildi-baki-pirsagi-qatari-yolda-qaldi
Oxunma sayı: 2522

Bu gün axşam saatlarında Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı elektrik enerjisinin kəsilməsinə görə yolda qalıb.

ADY-dən “Qafqazinfo”ya verilən məlumata görə, elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.

Belə ki, Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.

Hazırda sərnişinlərin əks istiqamətdə hərəkət edən qatara mindirilməsi və mənzilbaşına çatdırılması prosesi başlayıb.

Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.

***

Bakı-Pirşağı-Sumqayıt istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə ADY-dən bildirilib.

Məlumata görə, bu gün Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xətti istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21:00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib.