“Əli Həsənov bu binaya girmədi ki, birdən uçar...” - “9-un 8-indən” reportaj

eli-hesenov-bu-binaya-girmedi-ki-birden-ucar-9-un-8-inden-reportaj-
Oxunma sayı: 838

Binəqədi rayonu 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli binanın sakinləri artıq 8 aydır ki, yaşadıqları bu uçuq-sökük binadan nə vaxt köçəcəklərini gözləyirlər. (Ötən il sözügedən binada güclü yağın olub və bu bina tamamilə yararsız hala düşüb) Sakinlər artıq köçürüləcəklərindən ümidlərini üzüblər desək yanılmarıq. Çünki onlar üçün yeni tikilən binaların “gizlin-gizlin” satışa çıxarıldığını eşidirlər.


“Evdə pol yox, tavan yox belə yerdə insan yaşayar?”


Ötən gün “Qafqazinfo”nun əməkdaşı Həmzə Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli binanın sakinləri ilə görüşüb problemləri ilə maraqlanıb. Sakinlərdən Səmayə Əliyeva artıq neçə illərdir burada yaşayır. Deyir ki, daha köçəcəyimizi gözləmkdən yorulmuşuq: “Dəfələrlə müxtəlif televiziya kanalları gəlib bizim problemimizi işıqlandırıb, amma nə fayda. Artıq çəkilişlərə də inamımız qalmayıb. Binada yanğın olan vaxt Əli Həsənov bura gəlmişdı. Amma binanın içərisinə girmədi ki, birdən uçar. Bəs bu qədər camaat canını çöldən tapıb? Yəqin biz burda qalmağa məcburuq. Bizim də onun kimi qəşəng ev-eşiyimiz olsa buranı bəyənmərik də”.


Sakinlər deyirlər ki, onları aldadırlar: “Biz artıq bu şəraitdə yaşamaq istəmirik. Ya bizi birdəfəlik köçürsünlər, ya da desinlər ki, köçürməyəcəyik. Hər gün ümidlə gözləməkdən usanmışıq. Elə hərdən-bir bir neçə nəfər göndərirlər, nəsə cızma-qara edib gedirlər. Belə getsə biz başqa ölkələrdən “qaçqın” kimi sığınacaq istəyəcəyik”.


Gülbəniz Həsənova deyir ki, əşyalarını yığıb gözləyirlər ki, yəqin ki, belə getməz, onları tezliklə köçürərlər: “Yaşadığımız şərait bax bu cürdür. Çox demirik 1 saat həmin o yaxşı yerdə yaşayan adamlar gəlib bu binadan olsunlar, görsünlər ki, biz necə yaşayırıq. Evdə pol yox, tavan yox bütün günü həşəratlarla mübarizə aparırıq. Belə yerdə insan yaşayar? Yağış evlərimizin içinə yağır. Bir otaqda 5 nəfər yaşayırıq. Səhərə gədər uşaqları qoruyuram ki, hansısa cücü, həşərat ağız-burunlarına girməsin. Nə qədər neft, xlor vururuq xeyiri yoxdur. Yağış yağanda başımıza su tökülür, şikayətə gedirik, bizə deyirlər ki, get qonşunla qonşuluq elə. Bizim evə suyu qonşu tökmür, Allahın yağışıdır” .

Evləri güya qaçqınlar üçün tikiblər, amma satmaqla məşğuldurlar”

Sakinlər deyirlər ki, tikilən təzə evlərin satılması ilə bağlı xəbərlər də eşitmişik:

“Gecə vaxtı Müşviqabad qəsəbəsinə gedəndə binalardakı evlərin demək olar ki, çoxunun işığının yandığını görürük. Hətta belə də eşitmişik ki, o binlaradakı 1 otaqlı mənzilləri 5000 manata, 2 otaqlını 10 000 manata, 3-4 otaqlıları isə daha yüksək məbləğə satıblar”.

Bu yaxınlarda prezident İlham Əliyev həmin ərazinin yaxınlığındakı məscidə gəlibmiş, amma ona binanın yaxınlığına keçməsinə şərait yaratmayıblar: “Prezidentin bura da gəlməsinə min bir bəhanə ilə əngəl oldular. Səbəb də o idi ki, uçuq binanı görəcəkdi. Binanın yuxarısına 40-a yaxın silahlı adam düzmüşdülər. Hər şeyi bax belə gizlədirlər” .


“O tikilən evləri görürük ürəyimiz açılır, amma köçə bilmirik”


Sakinlər bildirirlər ki, binanın yanmasından artıq 8 ay keçib: “Bina yananda Əli Həsənov bura gəldi və dedi ki, mənə iki ay vaxt verin, 2 aya sizi buradan köçürdəcəm. Bizi aldadırlar. Köçürülməli ən vacib bizik. Yataxanalarda yaşayanlardan da biz daha vacibik. Heç olmasa ora rahat yerdir”.


“Bu yaşayışdır ki?”


Sakinlər deyir ki, qədər gəlib çəkiblər də, yazıblar, amma aidiyyatlı qurumlar yenə də heç bir tədbir görmürlər: “Körpə uşağın yatdığı yer suyun içindədir. Yatağı quru yerə çəkrik, o tərəf quruyur təkrar qaytarırıq öz yerinə. Gəlib baxsınlar ki, biz nə cür yerdə yaşayırıq”.



Xatırladaq ki, ötən il iyunun 13-də bina yanan vaxt Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, dövlət proqramına əsasən, yaxın zamanlarda bu ailələrin köçürülməsi nəzərdə tutulub. Həm Bakı Dövlət Universitetinin yataqxanalarında, həm də bu binalarda məskunlaşan köçkünlər nəzərdə tutulan əraziyə köçürüləcəklər. Amma onlar hələ də gözləyirlər.


Ərzidən ayrılırıq. Köçkünlərin yaşadığı binanın sağ tərəfinə keçəndə isə təzadlı bir mənzərə ilə qarşılaşırıq. Burada o binadan yerlə-göy qədər fərqlənən dəbdəbəli villalarla qarşılaşırıq. Həmin küçəni Bakının ikinci “milyonerlər məhəlləsi” adlandırsaq yanılmarıq. Məcburu köçkünlər isə bu dəbdəbəli villardan yox e, sadəcə başlarını soxa biləcəkləri bir daldanacaq istəyirlər...


Gülnar Ədalətqızı