Əli Kərimlidən vahid namizəd təşəbbüsü

eli-kerimliden-vahid-namized-tesebbusu
Oxunma sayı: 653

“Qafqazinfo” AXCP sədri Əli Kərimlinin minval.az saytına verdiyi müsahibəni təqdim edir:


- İctimai Palata Milli Şuraya transformasiya ola bilərmi, yoxsa öz fəaliyyətini davam etdirəcək?

- İctimai Palata 2010-cu ilin sonunda Azərbaycanda böyük bir vətəndaş hərəkatı kimi formalaşıb. İki il yarımdır ki, o, müxalifətin əsas missiyasını həyata keçirir, ciddi mübarizə aparır. Mən hesab edirəm ki, İctimai Palata bundan sonra da yaşamalıdır. İctimai Palata çox böyük bir koalisiyadır. Əsasən strateji məsələlərdə fikir birliyi olan təşkilatların, vətəndaşların, ziyalıların, QHT-lərin koalisiyasıdır. Milli Şura isə daha geniş birlikdir. Milli Şurada ideoloji baxımdan, siyasi baxışlar baxımından daha müxtəliflik var. Daha çox siyasi qüvvə Milli Şurada təmsil olunacaq. Yəni o siyasi qüvvələri, ictimai qüvvələri ki biz İctimai Palatada səfərbər edə, birləşdirə bilməmişdik, Milli Şurada biz demək olar ki, onların hamısının birləşməsinə nail oluruq. Milli Şura son 20 ildə Xalq Cəbhəsi hərəkatından sonra yaranan ən böyük, ən geniş müxalifət birliyidir. Buna görə də, Milli Şura başqa formatdır. İctimai Palata ilə müqayisə oluna bilməz. İctimai Palatada demək olar ki, mütləq əksəriyyətlə bu prosesdə iştirak edəcək. Həm şəxsən, həm də burada iştirak edən partiyalar.

- Elə bir təhlükə varmı ki, Milli Şuranın üzvləri olacaq İctimai Palata üzvləri daxildə ayrıca bir blok yaratsın?

- Hələ bu barədə heç nə düşünməmişik. Hesab edirəm, bir halda ki, ümumi məqsədlər naminə biz yenicə birləşmişik, Milli Şurada bloklaşma siyasəti aparmalı deyilik. Ölkədə dinc yolla azad, ədalətli seçkilər vasitəsi ilə demokratik dəyişikliklərə nail olmaq məqsədini qarşıya qoyaraq Milli Şurada birləşmişiksə, bu bizim hamımızı birləşdirən məqsəddirsə, yenidən orada bloklaşmağa ehtiyac duymuram. Amma hesab edirəm ki, Milli Şurada təmsil olunan indiyə qədərki qurumların hamısı özünü saxlayacaq. Ziyalılar Forumu da Milli Şuraya çox ciddi dəstək verir. Mütləq bu qurumların əksəriyyəti Milli Şuraya daxil olacaqlar Lakin bu o demək deyil ki, Ziyalılar Forumu yaşamayacaq. EL hərəkatı, Xalq Cəbhəsi, Müsavat, Açıq Cəmiyyət Partiyası, Liberal Partiya, Klassik Xalq Cəbhəsi Partiyası, bir çox başqa partiyalar Milli Şuraya birmənalı dəstək verir və onun işində iştirak edəcək. Bu o demək deyil ki, o partiyalar, o birliklər özlərini buraxacaqlar?! Ona görə də, hesab edirəm ki, İctimai Palatanın bundan sonra da fəaliyyət göstərməsi tamamilə normaldır. Bu, indiyə qədər mövcud olan qurumların özünü buraxması deyil.

- Sizin vahid namizəd məsələsinə aid fikirləriniz necədir?

- Biz hələ yenicə danışıqlarımızı başa çatdırmışıq. Hərçənd ki, müzakirə olunmalı bəzi detallar qalıb. İndidən vahid namizədlə bağlı hər hansı mülahizə söyləmək mümkün deyil. Çünki bizim Milli Şuranın hazırlıq müzakirələrimizdə bu məsələyə toxunulmayıb. Mümkündür ki, Milli Şuranın seçkilərdə vahid namizədi olsun. Mən şəxsən bunu arzulayıram. Ümumiyyətlə, hələ Milli Şura formalaşmamışdan təxminən bir il əvvəl müxalifətin konsolidasiyası, daha böyük birliyinin yaranmasını təbliğ edirdim və açıq tərəfdarıyam. Hesab edirəm ki, müxalifət yalnız birləşməli deyil, həm də birləşmiş müxalifət vahid namizədlə prezident seçkilərinə getməlidir. Bu şəxsən mənim Xalq Cəbhəsinin sədri olaraq mülahizəmdir. Milli Şurada isə çeşidli qüvvələrlə bir yerdə olacağıq. Onlarla danışacağıq. Mümkün olsa, mən çalışacam ki, özümün doğru bildiyim bu mövqeyi digər həmkarlarıma da qəbul elətdirim.

- Bəziləri hesab edir ki, AXCP Milli Şuranın yaranmasında və yaranandan sonra fəaliyyətində bir qədər passivdir. Bu fikirlə razısınız?

- Siz sualda yanlışlıq hiss etmirsiniz? Milli Şura may ayının 28-də formalaşıb. Milli Şura yaranana qədər Xalq Cəbhəsi onun əsas təbliğatçılarından olub. Mən də bu müzakirələrin iştirakçısı olmuşam. Özüm çoxlu sayda insanları Milli Şuraya gəlməsi üçün inandırmışam, onlarla danışıqlar aparmışam. İndidən sonra da Milli Şuranın nə işi olacaqsa, Xalq Cəbhəsi çox aktiv şəkildə iştirak edəcək. Novxanıda keçirilən aksiyaya nəzər salsaq, orada az qala Milli Şuranın ilk tədbiri kimi qəbul olunurdu. İnsanlar çox istəyirdi ki, Milli Şura oradaca elan olunsun. Baxın ki, Xalq Cəbhəsi orda necə iştirak edirdi. Xalq Cəbhəsinin Milli Şuranın işində passiv iştirakı söhbət predmeti deyil.

- Rüstəm İbrahimbəyovu Milli Şuranın yekdil lideri kimi qəbul edirsiniz?

- Belə məsələlər müzakirə olunmayıb. Prinsip etibarı ilə Rüstəm bəy çox tanınmış, hörmətli bir ziyalıdır. Milli Şuranın formalaşmasında xüsusi rolu olub. Müəyyən məqamlarda danışıqlar dalana dirənəndə, o, vasitəçilik edib. Ümumiyyətlə, ölkənin siyasi həyatında son illərdə çox fəal rol oynayır. Amma Milli Şurada nə lider statusu yoxdur, nə də biz o barədə hər hansı müzakirə aparmamışıq.

- AXCP son vaxtlar o cümlədən regionlarda bir çox görüşlər keçirir. Bu fəallıq yalnız 2013-cü il üçün planların tərkib hissəsi kimi qiymətləndirilə bilərmi?

- Əlbəttə, 2013-lə bağlı planlar var. 4 ay yarımdan sonra prezident seçkiləri keçiriləcək. Biz necə o seçkilərdən kənarda qala bilərik? Biz açıq mövqeyimizi bildirmişik ki, qarşıdan gələn prezident seçkilərinə ölkədə dinc, demokratik dəyişikliklər üçün yaranmış bir şans kimi baxırıq. Bu şansdan istifadə etmək lazımdır. Sadəcə “mən də seçkilərdə iştirak edim” kimi yox, birləşib, vahid namizəd irəli sürüb daha böyük güclə seçkilərə getmək lazımdır. Mən bu yaxınlarda, partiya Ali Məclisində də mövqeyimi bildirdim. Əgər Milli Şura vahid namizəd kimi Xalq Cəbhəsinin rəhbərinə bu məsuliyyəti həvalə etsə, cəbhəçilər o iş üçün çalışacaq. Artıq bizim bu məsələ ilə bağlı daxili qərarımız var. Yox, Milli Şurada ümumi razılıq olsa ki, başqa bir namizəd olsun Milli Şuradan, biz partiya daxilində artıq müəyyən daxili razılıq əldə etmişik ki, o namizəd hətta AXCP sədri olmasa da, cəbhəçilər, yenə də o namizədin qələbəsi üçün ürəkdən çalışsınlar.