Əlil şəxslər tamaşada baş rolları ifa etdi - Fotolar

elil-sexsler-tamasada-bas-rollari-ifa-etdi
Oxunma sayı: 1366

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif” tamaşasının premyerası olub.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Səhnə əsərinin baş rollarından yeddisini əlilliyi olan şəxslər ifa ediblər. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.

Yaradıcı heyət 2018-ci ildən inklüziv "Əsa", "Küllücə" və "Oyun" teatrları ilə  əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə "Göy quş", "Nəsimi", "And" və "Solğun çiçəklər" tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim edilib və böyük maraqla qarşılanıb.