“Əlimi çətinliklə əlinə toxundurub, stulumu qabağa çəkdim” – Zemi...

elimi-cetinlikle-eline-toxundurub-stulumu-qabaga-cekdim-zemi
Oxunma sayı: 1331




Zemi...


Mənə elə gəlirdi ki, axşamdan başlamış güclü külək ətrafdakıları bir-birinə qatmış, budaqlar və otlar düyün düşmüşdülər. Küləyin gətirdiyi qarışıqlıq və pintilikdən sıxılır, səbirsiz gözləyişimi çətinliklə ört-basdır edib siqaret tüstüsü ilə dumanlanmış kafenin şüşəsindən laqeyd-laqeyd çölə boylanırdım. Qərbin kübar ruhunu göstərməyə çalışanlar kafenin divarlarından Amerikanın 70-80–cı illərinə aid gündəlik həyat tərzini əks etdirən ağ-qara solğun şəkillər vurulmuşdu. Şəkillər zövqlə bahalı çərçivələrə salınmış, üst hissələrinə kiçik lampalar qoyulmuşdu. Musiqi mərkəzində o illərin musiqisi səslənir, dekorasiyanı və kübar ab-havanı tamamlayırdı. Dəfələrlə o kiçik kafedə olmuş, dostlarıma şəkillərin tarixçələrindən, müəlliflər haqda maraqlı məlumatlar verməyə çalışmışdım. Buna baxmayaraq, arabir gözümü pəncərədən ayırıb şəkillərə yenidən, birinci dəfə görürmüş kimi diqqətlə baxırdım. Çöldə külək arsız-arsız əsdikcə həyəcanlanırdım. Kafenin bahalı ikiqat şüşələri təhlükəsiz və etibarlı görünmürdülər. Mənə elə gəlirdi ki, onlar hər an taybatay açılıb küləyin məni əclafcasına cırmaqlamasına yol verəcək qədər etibarsızdırlar.

Büzüşdüm. Üzümə yapışmış dəyişməz laqeyd ifadəni görən kimsə birini gözlədiyimi güman etməzdi, mənsə çoxdan görüşmək istədiyim adamı gözləyirdüm. O, hər zaman mənim yanımda olmuşdu. Onunla hesablaşıb, onunla yaşamışdım. Onunla sevib, onunla nifrət eləmişdim.
O gəldi.
Qapıdan xeyli uzaqda, küncdə oturmuşdum. Yanıma yaxınlaşana kimi atdığı hər addım məni daha da həyəcanlandırdı. Ötuz üç illik ömür yolumun üstündən bahalı, lakin palçıqlı ayaqqabıları ilə cəsarətlə keçib gedən qonağım podiuma çıxan manikenlər kimi stollardan ona tərəf boylanan başların müşaiyəti ilə masama yaxınlaşdı.

Ayağa durdum. O, əlini uzatdı. Əlimi çətinliklə əlinə toxundurub, stulumu qabağa çəkdim.
Çox dəyişmişdi.

Dəyişməyən azca əyri, uzun və cazibədar ayaqları idi. Dərisi qaralmış, saçları seyrəlmiş, burnu cərrahi müdaxilə ilə balacalaşmış, gözləri azca çuxura düşmüş, əl barmaqları uzanmışdı. Həmişəki kimi ayağını ayağının üstünə aşırdı. Mənzərə necə də tanış idi. Bir an mənə elə gəldi ki, onun ayaqları bir-birinə dolaşdılar və daha açılmayacaqlar, əsası mənə elə gəldi ki, ətrafda olan dolaşıqlığı əslində külək deyil, o yaradıb. Daha doğrusu onun azca əyri, lakin uzun ayaqları...

“Necəsən?”
Siqaret çəkdiyindən xırıltılı səsi yaranan səssizliyi qətiyyətlə yox etməyə çalışdı.
“Sən danış.”
Dedim.
“Sənin haqqında?”
Dinmədim.
“Yaxşı rəssam olmusan, sərgilərin açılıb. Almaniyadan bir əsərini almışam. Qapı. Yarımçıq taxta qapı şəklidi. Aşağı tərəfindən işıq gəlir...
“Sən burda olanda da mən rəssam idim.”
Sözünü kəsdim.
O, mənim sözlərimə məhəl qoymadan “özü də qara işıq” dedi.
“Hə. Ağ qapı. Yarımçıq ağ qapı. İşıqsa, qaradı. Qapının yuxarısı açıqdı.
Gecədi. Qapının bu tayındakı qara işıqla, o taydakı gecə qaranlığı oxşardılar.
“Qapı ağappaqdı”.
Pıçıldadım.
“Ağappaqdı, amma yarımçıq və zəifdi. İki qara işığı birləşdirməyəcək qədər inamla dayanmayıb.”
Bunu o dedi.
“Rəsm əsərlərini sevdiyini bilmirdim.”

Nazik dodaqlarını aralamadan, əksinə bir-birinə daha da sıxaraq gülümsədi. Mənə elə gəldi ki, onun dodaqları daha açılmayacaqlar. Mənim suallarım onun ağzından çıxa biləcək cavablarsız qalacaqlar.
Siqaret yandırdı. Əlləri əsirdi. İki qullam alandan sonra siqareti söndürdü, çölə boylandı. Mənim gözümə dolaşıq görünən küçəyə həvəslə, həzz alırmış, hər şeyini yadda saxlamağa çalışırmış kimi diqqətlə baxdı.

Riyakar səssizlikdən bezdim. Ona demək istədiyim bütün sözlər yadımda deyildi, daha onu söymək, üstünə atılıb uzun, arıq, kişilərin ağlını başından aparan, ətrafdakıları, əsası mənim həyatımı dolaşdıran ayaqlarını sındırmaq istəmirdim. Deyiləcək söz isə hələ var idi, olmalı idi...

Xasiyyətimə xas olmayan sakit tərzimlə davam etdim:
“Onu sənə hədiyyə etməyə qərar verdim.”
“Nəyi?”
Təəccüblə soruşdu.
“O yeri.”
“Hansı yeri?”
“O yerdə, o vaxt...”, xatırlamağa çalışdım, “orda üstünə atılıb saçlarını yolmaq istəmişdim. Saçlarını son tükünə qədər yolmaq, uzun ayaqlarını qırılanacan burmaq, qollarını bir-birinə dolamaq, indi balacalaşmış, o vaxt ələgəlimli burnunu yerindən qoparmaq istəmişdim.”

Üzünə baxmadan o yeri təsvir eləməyə çalışırdım. Külək var gücü ilə əsir, sanki məhz məni coşdurmaq üçün dondan-dona girir, illərin içimdə qurutduğu nifrəti tüpürüb çölə atmam üçün ortalığı qızışdırır, qırıq-qırıq ifadələr işlətməmə zəmin yaradırdı.
O, əllərini qısa saçlarına apardı. Mən ərimin, keçmiş ərimin barmaqlarını onun boyalı saçlarında görə biləcəyimdən qorxurmuş kimi nəzərlərimi gözlərində saxlayaraq bir santım belə yuxarı aparmağa cürət etmədim.
“Qərara gəldim ki, o yeri sənə verim. O yerə sahib olmağa sənin daha çox haqqın var.”
“Niyə belə düşünürsən?”
“Çünki o səni sevirdi.”

Uzun illər özümə belə etraf etmədiyim həqiqəti tərəddüd etmədən ona dedim. İçimdə yaranmış yüngüllükdən həyəcanlandım. Qırtlağımdakı tıxacı yox etdim, rahat alıb verdiyim nəfəsimdən həzz aldım, “o, səni sevirdi, bəli, o, səni sevirdi. Səni sevirdi.” Deyə təkrarladım.

“Coni. Sən ona belə deyirdin. Cavanşir səni sevirdi. O, səni üstün tutdu. Mən ağlayır, şəkil çəkirdim. Onun şəklini çəkirdim. Hər rəsmimdə o vardı. Sual verirdilər ki, niyə portret çəkmirəm. Təəccüblənirdim. Mən ancaq və ancaq portet çəkirdim. Həm də
eyni adamın portetini. Deyirdilər, əsərlərim anlaşılmaz, ruhum dəyişkəndi. Konkret üslübum yoxdu. Özümə izah etməyə çalışırdım ki, onun şəklini çəkmək üçün hər üslüba müraciət etməliyəm. Çox çalışırdım. Lakin bacarmırdım. Onun portretini çəkə bilmirdim. İnsanlar onu mənim rəsmlərimdə görə bilmirdilər. Günahkar da sən idi. Mən belə düşünürdüm. O, son günlərini sənin yanında keçirdiyindən mən onun bu dünyadakı yekun görünüşünü görə bilmədim. Mən həmişə onu bahalı restoranlarda, kübar məclislərdə, zahirən yaraşıqlı, işıqlı, əslində isə sənin dolaşıq ayaqlarına yıxılan yazıq kimi təsvir edirdim. Mənə elə gəlirdi ki, o, klassik Avropa yazıçılarının bəhs etdiyi kübar insanlar arasında dolaşır, saçlarını yana darayır, qara kostyumlar geyir. Bunun fövqündə qorxaq və azadlığını itirmiş biridir.”

O, sanki məni təsəlli edirmiş kimi “Heç də yox. Coni idman üslublu paltarlar geyir, tez-tez disko-barlara gedirdi.” dedi.
Buzlu portağal şirəsini dodağıma yaxınlaşdırdım. Portağalın turşməzə dadını ağzımda hiss edincə bir qurtum belə uda bilməyəcəyimi anladım, şirə bakalını tələsik yerinə qoydum. Qida borumun qapısı bağlanmışdı. Boğazıma söz tıxanmışdı. İçəri təkcə şirə yox, hava da çətinliklə keçirdi.

Beynimdə hansı sözləri seçib demək lazım olduğunu çək-çevir edib əzab çəkərkən ofisiant maşınımı yanlış yerdə saxladığımı bildirdi.
Gödəkçəmi geyib çölə çıxdım. Külək bayaqdan pusquda durub məni gözləyirmiş kimi yaxamdan yapışdı. Özümü müdafiə etdim, gödəkçəmin yaxasından ikiəlli yapışıb sinəmə dirədim. O, siqaret çəkə-çəkə yerində qurcalanır, mən kafenin pəncərəsindən ona küləyə məni yox etməsi üçün sifariş veribmiş kimi etibarsız-etibarsız baxırdım. Bir an maşınımın içi mənə sakit, etibarlı, azadlıq dolu gəldi. O an onu var-gücümlə sürmək, kafeni, divarlardan asılan rəsm əsərlərimi, keçmişimi, indimi hər şeyi geridə qoyub uzaqlaşmaq, başqa gələcəyi yaşamaq istədim.

Qısılmış azadlığımı qucaqlayıb çərçivələrdə yaşayan cismimi maşınıma sığışdırıb qaça, sürətimlə küləyi qova bilmədim. Kafeyə geri döndüm.

Yeni yandırdığı siqaretini büllur külqabının dibinə sürtərək söndürürdü.

Ardı var