Emir Kusturitsa Azərbaycana gəlir

emir-kusturitsa-azerbaycana-gelir
Oxunma sayı: 946

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun «The No Smoking Orchestra» qrupunun konserti keçiriləcək. Proqramda tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri təqdim olunacaq.

"Qafqazinfo" xəbər verir ki, konsertə biletlərin qiyməti 20, 30, 40, 60, 80, 100, 120 və 150 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən almaq olar.

Qeyd edək ki, Emir Sarayevo şəhərində dünyaya gəlib. Lap erkən yaşlarından incəsənətə meyl göstərib. Tez-tez dərslərdən yayınaraq kino zallarının qaranlığına çəkilir, sevimli filmlərinə təkrar-təkrar baxırmış. Məhz Sarayevodakı kinoteatrların birində o, nəhayət anlayır ki, həyatını cazibədar kino dünyası ilə bağlamaq istəyir. Kusturitsa geniş ictimaiyyətə müxtəlif mükafatlar almış «Arizona arzusu», «Yeraltı», «Qara pişik, ağ pişik» filmləri, o cümlədən Kann kinofestivalında iki «Qızıl palma budağı» qazanmış filmləri ilə məşhurdur.

Emir Kusturitsa 1999-cu ildə «The No Smoking Orchestra» qrupunu yaradıb və onun daimi üzvüdür. Kusturitsa qrupun tərkibində gitaraçı kimi çıxış edir. «The No Smoking Orchestra» qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin özlərinin də iştirakçısına çevrildikləri möhtəşəm şou təqdim edir.