Ən yaxşı müdafiə növbədənkənar hücumdur...

en-yaxsi-mudafie-novbedenkenar-hucumdur
Oxunma sayı: 1959

Növbədənkənar Prezident seçkiləri… Bəli, artıq iki həftədir ki, bu xəbər ölkəmizin üçillik qələbəli və qələbəlik olan gündəmini ilk dəfə dəyişdi. Günün təbii zəlzələsindən sonra, bir sıra qüvvələr üçün siyasi zəlzələ effekti yaradan bu informasiya Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin ardınca müstəqillik tariximizdə bütöv və suveren ölkəmizin ilk Zəfər seçkiləri kimi çoxlarını sevindirsə də, bəzilərini çox hazırlıqsız yaxaladı. Böyük oyunlar və planlar pozuldu.

Bütün seçkilərdə Qarabağ mövzusu, hakimiyyətdə olduğu illərin metrə nisbətində torpaq qaytara bilməməsi ittihamları ilə İlham Əliyevin üzərinə gedənlər arqumentsiz haqlandılar. Tələm-tələsik yeni bir çıxış yolu tapmaq lazım idi. Ancaq yeniliyə və dəyişikliyə qapalı olanlardan yeni nəsə gözləmək təbii ki, çox təəccüblü olardı. Çıxış yolu ilə bağlı göstəriş gəldi ki, bir yol var, o da yenə də meydandan qaçmaq, yəni “boykot”dur.

Seçkidən-seçkiyə bloger, seçkilərdə isə boykoter! Boykoterlərdən biri, uzun illərdir siyasi bətbəxtliyini özündən başqa hamıda axtararaq, havaların soyuq keçməsindən tutmuş karantin rejiminə qədər hər bir hadisəni özünün fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqələndirir. Adam ona heç bir “bar” verməyən Məhsul stadionunun alaq edilməsini, internetinin kəsilməsini, telefonunun konturunun bitməsini və hətta bütün dünyada tətbiq edilən karantin qaydalarını belə hakimiyyət tərəfindən onun tərəfdarları ilə təmasını əngəlləmək üçün edildiyini iddia edir. Ancaq, bir siyasətçinin tərəfdarları ilə təmasda olması üçün ən münbit şəraitin yarandığı ciddi siyasi proseslərdən biri olan Prezident seçkilərində iştirakdan imtina edir. Rəsmi məlumatlara görə, təxminən 6,5 milyon seçicisi olan ölkənin prezident seçkilərini partiyası AXC-ni qeydiyyatdan keçirmək üçün aylar ərzində böyük çətinliklə yığdığı 5003 imza ilə, yəni seçicilərin 0.1 faizindən də az səslə boykot etmək qərarı verir.

Ötən əsrin əvvəlində əsası qoyulan “Müsavat”la adındakı hərflərin oxşarlığından başqa heç bir eyniliyi olmayan “  Müsavat” da qanunun tələbinə görə minimum, onların özü üçün isə maksimum olan 5000 imzasını “boykotçuluq” fəaliyyətinə cəlb edəcəyini bildirib. Əslində təəccüblü heç nə yoxdur! Bir gün özlərinin parlament seçkilərində belə qalib gələcəklərinə hamıdan çox özləri şübhə edən bu şəxslər eyni “məntiq”lə bizim tarixi Zəfərimizi, Şuşamızı və Qarabağımızı bu günə qədər boykot edirlər. Bəzi ermənipərəst dövlətlərin hələ də Şuşaya getməkdən imtina edən səfirlərinə qoşulub əliyalın igidlərimizin canları və qanları ilə cığır açdıqları müqəddəs “Zəfər yolu”ndan imtina etməklə adlarını tarixə yazdılar. Əslində bu deqradasiya bu gün deyil, uzun illər ərzində baş verən bir prosesdir. Sadəcə dövlətimizin müvafiq sahədən məsul olan səlahiyyətlilərinin ən yumşaq formada desək səhlənkarlığı və yanlışları müxalif cameədə at oynadan bu şəxslərin iç üzünü açmağa imkan vermirdi.

Məlum olduğu kimi, 2018-ci ilin son prezident seçkilərindən sonra islahatlara və kəskin dəyişikliklərə məruz qalanlardan biri də bu sahə oldu. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması üçün Prezident bilavasitə onunla siyasi cameə arasında sıx təmasları quracaq və ümumilikdə bu sahədə olan boşluqları aradan qaldıracaq “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” adlı şöbəni yaratdı. Müharibədən öncə belə uzaqgörən və müdrik gedişin edilməsi dövlətimizin siyasi monolitliyinin təmin edilməsi baxımından əvəzolunmaz bir addım oldu. Gözü ən ədalətli tərəzi olan xalqımız da kimlərin iqtidara, kimin isə dövlətə və dövlətçiliyə müxalif olduğunu görmüş oldu.

Otuz illik işğalla paralel radikal müxalifətçilik fəaliyyətini davam etdirən, müəyyən maraqlar qarşılığında insan hüquqları, azadlıqlar və demokratiya mövzularında şablon fikirlər dolu pafoslu çıxışlardan başqa heç bir fəaliyyəti olmayan “siyasi lider”lərin nəinki Prezidentlə, onun adminstrasiyasına aid bir şöbənin əməkdaşları ilə müzakirələr aparmaqda aciz olduqları aşkara çıxdı. Biz isə, formalaşdırılmasına başladığımız yeni siyasi konfiqurasiyanı tarixi Zəfərimizin və ondan sonrakı reallıqların fonunda ölkəmizin daxilindən ümumilikdə regiona transfer etdik. Artıq heç nə əvvəlki kimi deyil, nə ölkəmizin daxilində, nə də ki, regionumuz olan Cənubi Qafqazda. Bəli, biz dəyişdik və dəyişdirdik! Formalaşdırdığımız yeni reallqıları və dəyişiklikləri qəbul edənlər və etməli olanlarla yanaşı, hələ də qəbul edə bilməyənlər var. Qəbul edə bilməyənlər Azərbaycanın tarixi Zəfərini həzm edə bilməyənlərdir. Bu istiqamətdən baxsaq bizim bu gün də döyüşdə, hətta müharibədə olduğumuzu deyə bilərik.

Düşmənimiz kimdir, hansı istiqamətdən hücuma keçəcək, nə zaman həmlə edəcək? Cavabını tam və dəqiq bilmədiyimiz belə sualların fonunda bir müdrik cavab var! Ən yaxşı müdafiə hücumdur! İkinci Qarabağ müharibəsində bizim qələbəmizi təmin edən amillərdən biri də, qəfil əks-hücuma keçməyimiz oldu, yəni növbədənkənar hücum! İndi də, siyasi müstəvidə eyni qələbəni əldə etmək üçün təhlükəni qabaqlamaq lazımdır. Növbədənkənar elan edilmiş bu seçkilərə artıq start verildi. Seçkilərdə iştirak edərək tarixi Zəfərimizə alternativ olmağı əxlaqsızlıq hesab edənlərlə yanaşı, seçkidə ikincilik uğrunda yarışda özlərini sınamaq qərarını verənlər də oldu. Ancaq hesab edirəm ki, bu seçkilər mahiyyət baxımından seçki məqamını gözləyən təhlükəli qüvvələr üçün növbədənkənar, xalqımız üçün isə tam zamanında baş tutacaq bir prosesdir. Çünki, xalqımıza 2020-ci ildə də olduğu kimi son nəfərinə qədər Zəfərinin ətrafında birləşməyə və ona səs verməyə növbə lazım deyil!

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov