​Evinin qapısı söküldüyü deyilən əlillə bağlı - Rəsmi açıqlama

evinin-qapisi-sokulduyu-deyilen-elille-bagli
Oxunma sayı: 3023

Yasamal sakini olan 1-ci qrup əlil Zaur Seyidzadə evinin çıxış qapısının qanunsuz olaraq hörüldüyünü iddia edir. 

“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 77, mənzil 19-da (birinci mərtəbə) pilləkənlərdən enib-düşmə çətinliyi olduğu üçün evinin pəncərəsinin yerinə özü üçün qapı qoyub.

Buna məcbur qaldığını bildirən fiziki məhdudiyyətli Z. Seyidzadə deyir ki, Yasamal Rayon İcra Hakimiyyəti nümayəndələri onun mənzilinə girərək həmin qapını bağlayıblar: “Halbuki bu problem əlil vətəndaş tərəfindən yox, İcra Hakimiyyəti tərəfindən həll olunmalı idi. Amma əksinə, özünü Yasamal İcra Hakimiyyəti nümayəndələri kimi tanıdan bir neçə şəxs evimə girərək qapını dağıdıblar. Həmin yerə 4 dənə kərpic qoyublar ki, burada heç bir iş edə bilməzsən. Mən özüm fiziki qüsurlu adamam. Bu qapı yerinin belə açıq qalması ailəm üçün təhlükəlidir".

Z. Seyidzadə qeyd edib ki, məsələ ilə bağlı prokurorluğa və 102 xidmətinə müraciət edib: “İcra Hakimiyyətində də olmuşam. 1 saatdan artıq gözləmişəm ki, kimsə məni qəbul etsin, qəbul otağına da məlumat veriblər. Amma heç bir şəxs bununla məşğul olmayıb. Mənə bildirdilər ki, məktub yaz”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bunu bildiriblər: “Qeyd edilən ünvanda mənzillərdən birinin sahibi pəncərənin yerində qanunsuz və özbaşına şəkildə qapı açmağa cəhd edib. Mənzil sahibi bu dəyişiklik barədə Rayon İcra Hakimiyətinə heç vaxt müraciət etməyib. Mənzil sahibi qanunsuz hərəkəti ilə əlaqədar rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən dəfələrlə yazılı və şifahi şəkildə xəbərdarlıq edilib. Lakin təəssüf ki, vətəndaş bu xəbərdarlıqlara məhəl qoymayıb. Bildiririk ki, vətəndaşın mənzildə dəyişiklik etmək planına qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müvafiq qurumlarla razılaşdırılandan sonra baxıla bilər”.

Lamiyə Məmmədova