“Qanunvericilik prosesindən sonra gələcəkdə məsuliyyət məsələlərinin həlli də nəzərdə tutulacaq. Çünki hansısa qadağanedici norma tətbiq olunursa, sonradan onun məsuliyyət məsələsi də öz həllini tapmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Burada birinci növbədə elektron komponentli siqaretlərin idxalı, ixracı, istifadəsi, istehsalının qadağan edilməsindən söhbət gedir. Qanun layihəsi bu məmulatın istifadəsi, həm də onun yayılmasının qarşısını almağı hədəfləyir. İlk növbədə ictimai sağlamlığın qorunması hədəfi güdülür. Çünki bu, getdikcə yayılmaqdadır.
Haradasa 15%-ə yaxın 13-15 yaşına çatmış uşaqlar tərəfindən istifadə edilir. Xüsusilə qadın cinsinə mənsub insanların bu məmulatdan istifadəsi daha da yayğınlaşır. İlkin mənada əyləncə kimi nəzərdə tutulan bu vərdiş sonradan siqaret və narkotikə keçid üçün əsas yarada bilir. Ona görə biz bunu indidən etməliyik ki, gələcək nəsilləri qorumaq mümkün olsun”, - deyə millət vəkili əlavə edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər