“Formula-1”in bilet qiymətləri açıqlandı

formula-1in-bilet-qiymetleri-aciqlandi
Oxunma sayı: 3680

2023-cü il “Formula-1” Azərbaycan Qran-Prisi üçün bilet satışına başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, 7-ci dəfə Bakıda keçiriləcək yarış üçün “early bird” erkən bilet satışına start verib. Yanvarın 15-nə qədər bilet alanlar 20 faiz endirimdən yararlanacaqlar.

Biletlər “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, “Kiosk 1” (Azərbaycan kinoteatrı), “Kiosk 2” (Nizami küçəsi), həmçinin 1, 2, 3 və 4 saylı “ASAN Xidmət” mərkəzlərində satılacaq. 

Bakı Şəhər Halqasının Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmaliyev bilet satışı ilə bağlı qiymətləri açıqlayıb: “Azərbaycanlılar və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək sərfəli qiymətlərlə əldə edə biləcək. Bu il daha çox yerli azarkeşin “Formula-1” yarışlarını izləməsi və Dənizkənarı Milli Parkda əyləncələrə qoşulması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 AZN-dən 120 AZN-dək, tribuna biletləri 160 AZN-dən 690 AZN-dək, azyaşlılar üçün isə 110 AZN-dən 480 AZN-dək qiymət aralığında təklif ediləcək”.