Gədəbəydə prokurorluq işçilərinin peşə bayramı qeyd edildi - Fotolar

gedebeyde-prokurorluq-iscilerinin-pese-bayrami-qeyd-edildi
Oxunma sayı: 954

Gədəbəy rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

 “Qafqazinfo” xəbər verir ki, tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, rayon prokuroru Kamal Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər, abidə önünə tər çiçəklər düzüblər.

Daha sonra tədbir rayon prokurorluğunun inzibati binasında davam etdirilib.

Tədbir zamanı çıxış edən rəsmi şəxslər prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. İcra başçısı Orxan Mürsəlov prokurorluq orqanlarının dövlətin əsas təməl sütunlarından biri olduğunu vurğulayıb. Rayon prokurorluğunun əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayan icra başçısı prokurorluğun bir qrup əməkdaşına “Fəxri fərman”lar təqdim edib.

Çıxış edən rayon prokuroru Kamal Əhmədov dövlətimizin hüquqi siyasətinin həyata keçirilməsində prokurorluq orqanlarının rolundan danışıb. O qeyd edib ki, 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Prokurorluğu 107 illik şərəfli inkişaf yolu keçib, müasir dövrdə də öz missiyasını uğurla davam etdirir.

Qeyd edək ki, 1 oktyabr tarixi 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis olunub. Məhz Ulu Öndərin rəhbərliyi ilə prokurorluq orqanlarının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib, bu sahədə müasir və səmərəli hüquq-mühafizə sistemi formalaşıb.

Hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı bu sistemin fəaliyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradır. Prokurorluq orqanları ölkədə hüququn aliliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində mühüm rol oynayır.