Gənc muğam ifaçıları Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış etdi

genc-mugam-ifacilari-qebele-beynelxalq-musiqi-festivalinda-cixis-etdi
Oxunma sayı: 1943

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında muğam ifaçılarının çıxışı olub.

“Qafqazinfo” xəbər verir ki, iyulun 30-da axşam Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın tanınmış, gənc xanəndələri Mirələm Mirələmov və Kamilə Nəbiyevanın iştirakı ilə konsert proqramı təqdim edilib.

Xanəndələrin ifa etdikləri “Şur”, “Segah”, “Bayatı-Şiraz” təsnifləri, N.Feyzullayevin “Ay qız”, E.Sabitoğlunun “Əsən yellər” və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tanınmış xanəndələri tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov, balabanda İdris Tağıyev, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.

Festival çərçivəsində iyulun 31-də saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti kamera konserti təqdim ediləcək.