Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib. “Qafqazinfo” xəbər verir ki, mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının general-mayoru Vasif Kazımov, Quru Qoşunlarının general-mayoru İslam Əmirağayev, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncənin Şəhidlər xiyabanında gerçəkləşən tədbirdə əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və general-mayor Vasif Kazımov “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.
Gəncə şəhəri Vətən müharibəsi dövründə isə 96-sı hərbi, 26-sı mülki olmaqla, 122 şəhid verib.
Tədbirdə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Rəsmilər onların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüblər.
Bununla yanaşı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəbdən qələbəyə” adlı yürüş təşkil olunub.
Silsilə tədbirlərin davamı olaraq Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası gerçəkləşib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı aksiyada şəhərin iqlim şəraitinə uyğun olan ağaclar əkilib.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq şəhərin inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb.