Gəncədə məktəblilər arasında dava olub.
“Qafqazinfo” xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü F.Q., 2010-cu il təvəllüdlü A.H. və R.H. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılır:
“Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub. Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir”.
***
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, bu gün saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub:
“Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir. Xəstəxanaya 1 nəfər gətirilib”.
***
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə olub. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib:
“Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir”.