Gəncədə müşavirə keçirildi - Fotolar

gencede-musavire-kecirildi
Oxunma sayı: 512

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən müşavirədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədri Hacı Tahir Abbasov, Vətən müharibəsi şəhidi Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Niyazi Bayramov çıxışında YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetlərdən, ölkəmizin sosial-iqtisadi inkişafından, Gəncədə həyata keçirilən layihələrdən və milli təhlükəsizliyin mühüm tərkib hissəsi olan ideoloji təhlükəsizlik məsələlərindən bəhs edib.

N.Bayramov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilən qurultay xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında milli təhlükəsizliyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifahının yüksəldilməsi və ideoloji təhdidlərin qarşısının alınması qarşıda duran mühüm vəzifələr kimi müəyyənləşdirilib.

Şəhər rəhbəri vurğulayıb ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin müsbət nəticələri Gəncədə də özünü göstərir. Son illərdə şəhərdə 15 mindən çox yeni iş yeri yaradılıb, investisiyaların cəlb edilməsi, sahibkarlığın inkişafı və məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılıb. Hazırda Gəncədə 32 mindən çox vətəndaş əmək pensiyası alır. Əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Gəncədə mühüm sosial-iqtisadi və infrastruktur layihələri həyata keçirilir. Şəhərin 2019-cu ildə “Avropanın İdman Şəhəri”, 2025-ci ildə isə MDB ölkələrinin İdman Paytaxtı seçilməsi, eləcə də III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi etməsi Gəncənin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verib. Gəncənin Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhərlər” proqramına Azərbaycan şəhərləri arasında ilk olaraq qoşulması da dayanıqlı inkişaf baxımından mühüm nailiyyətlərdəndir.

Çıxışda şəhərin nəqliyyat və kommunal infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərə də diqqət çəkilib. Bildirilib ki, 2025-ci il sentyabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə “BakuBus” MMC-nin Gəncə Avtoparkı istifadəyə verilib. Sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir avtobuslar alınıb, yeni dayanacaq pavilyonları quraşdırılıb.

“Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində içməli su və kanalizasiya sistemlərinin yenilənməsi işləri davam etdirilir. Bununla yanaşı, yol və işıqlandırma infrastrukturu müasirləşdirilir, yaşayış binaları təmir olunur, məhəllələr abadlaşdırılır, parkların və tarixi binaların bərpasına xüsusi diqqət yetirilir.

Niyazi Bayramov Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin Gəncənin inkişafında mühüm rol oynadığını qeyd edib. Son illərdə dövlət başçısının iştirakı ilə Gəncə Dövlət Milli Dram Teatrının yeni binası, Gəncə İdman Sarayı, Gəncə Şəhər Stadionu, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi və digər mühüm obyektlər istifadəyə verilib. 2025-ci ildə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncəyə səfərləri zamanı bazalt məhsulları istehsalı müəssisəsinin təməli qoyulub, Gəncə Memorial Kompleksində və Hacıkənd İstirahət Kompleksində görülən işlərlə tanışlıq olub.

Müşavirədə ideoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Şəhər rəhbəri bildirib ki, müasir dövrdə internet, sosial şəbəkələr və süni intellekt texnologiyalarından milli maraqlara zidd məqsədlərlə də istifadə oluna bilər. Bu baxımdan milli birliyin qorunması, gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılması və ideoloji təhdidlərin qarşısının alınması hər kəsin məsuliyyətidir.

Vurğulanıb ki, milli-mənəvi dəyərlərlə dünyəvi təhsil bir-birinə zidd deyil. Uşaqların hüquqlarının qorunması, təhsilin əhəmiyyətinin düzgün izah edilməsi, məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müəllimlərin, valideynlərin, ziyalıların və ağsaqqalların üzərinə mühüm vəzifələr düşür.

Niyazi Bayramov Prezident İlham Əliyevin qurultaydakı çıxışından irəli gələn vəzifələrin dövlət qurumları və təşkilatlar tərəfindən məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, milli maraqların qorunması, ölkədə sabitliyin və milli birliyin möhkəmləndirilməsi ümumi vətəndaşlıq məsuliyyətidir və bu məsələlərə formal yanaşmaq yolverilməzdir.

Çıxışda Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunması, müstəqilliyin daha da möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdışın təmin olunması və əhalinin rifahının yüksəldilməsinin qarşıda duran əsas vəzifələr olduğu bildirilib. Hər kəsin öz fəaliyyət sahəsində məsuliyyətlə çalışmasının, ölkənin davamlı inkişafına və milli təhlükəsizliyinin qorunmasına töhfə verməsinin vacibliyi qeyd edilib.

Müşavirədə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Vətən müharibəsi şəhidi Mir-Yunis Seyidzadənin atası Mir-Hüseyn Seyidzadə, Gəncə şəhər 4 nömrəli xarici dillər təmayüllü məktəbin direktoru Əliağa Səfərəliyev, ehtiyatda olan baş leytenant, Vətən müharibəsi iştirakçısı Kənan Məlikov və Əməkdar müəllim Yeganə Səfərova da çıxış ediblər.

Çıxışlarda dövlət başçısının qurultaydakı nitqində irəli sürülən mühüm istiqamətlər, o cümlədən “Gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşdırılması”, “Məktəb və ailə əməkdaşlığı – uşaqların ideoloji təsirlərdən qorunmasında əsas amil”, “Şəhidlərin irsi, Vətən sevgisi və müstəqilliyin qiyməti”, “Vətən müharibəsi və müstəqilliyin qorunmasında vətəndaş məsuliyyəti” mövzuları ətrafında fikirlər səsləndirilib.

Müşavirənin sonunda qurultayın qərarlarından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.