“Yararsız stadionun sökülərək yerinə müasirinin tikilməsi hamını çox sevindirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a açıqlamasında “Kəpəz” futbol klubunun futbolçusu Əli Səmədov deyib.
Futbolçu Gəncə şəhər stadionun qəzalı vəziyyətdə olduğundan ev oyunlarını orada keçirə bilmədiklərini bildirib:
"Bu hamı üçün sevindirici haldır. Ölkə başçısı sağ olsun. Artıq təməl qoyma mərasimi olub, bizim üçün şəraitli bir stadion olacaq və artıq ev oyunlarımızı öz stadionumuzda keçirəcəyik" .
“Kəpəz” futbol klubunun əvəzedici heyətinin baş məşqçisi Xaliq Mərdanov isə stadionun inşasının Gəncə futboluna bir təkan olacağını vurğulayıb:
“Stadionun yenidən qurulması çoxdankı arzumuz idi. Şükürlər olsun bu arzumuz həyata keçir. Artıq Gəncə şəhərində müasir stadion olacaq. Yeni stadion həm komandamızın futbolçularının, həm gənclərimizin futbol sahəsində inkişafı üçün əhəmiyyətli bir rol oynayacaq. Biz həmişə köhnə stadiona baxanda arzu edirdik ki, müasir stadionumuz olsun. Şükürlər olsun ki, bu gerçəkləşir və bütün bunlar üçün cənab prezidentə təşəkkür edirik”.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionda yaradılacaq şəraiti nəzərə alan idman nümayəndələri gəncəli azarkeşlərin də yenidən stadiona axını olacağı, öz komandalarına dəstək nümayiş etdirəcəklərini düşünürlər.
Veteran futbolçu Fuad İsmayılov stadionunun təməl qoyma mərasiminin tarixi an olduğunu bildirib.
“Bir veteran futbolçu olaraq cənab Prezidentə təşəkkür edirəm. Uzun illərdən sonra Gəncə stadionunun tikintisinə başlanılması bizim üçün sevindirici haldır. Prezident tərəfindən təməli qoyulan bu stadionunun inşası biz gəncəlilər üçün bayramdır. Gəncə stadionunun halı həddindən artıq acınacaqlı vəziyyətdə idi. Bəzi xarici futbolçular elə meydançanın vəziyyətini və şəraiti gördükdən sonra “Kəpəz”də oynamaqdan imtina edirdi”, - o deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib.
Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Bütün bunlar Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını diqqətdə saxlamasını göstərir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir.