“Gərək tez evlənərdim...”- - Ramal

gerek-tez-evlenerdim-
Oxunma sayı: 3683


- Yaradıcılığınızda yeni mövsümdə hansı yeniliklər olacaq?

- Ötən ay yeni aranjemanda ifa etdiyim “Muleyli” xalq mahnısını tamaşaçılara tədim etdim.  Çoxlu yeni mahnılar yazmışam. Bir qismini özüm ifa edəcəm, bəzilərini isə müğənnilərə verəcəm. Bir çox müğənnilərlə işbirliyimiz olacaq. Sevil Sevinc bacıları da mənim mahnımı ifa edəcək. Gənclərə dəstək olmaq borcumuzdur. Əminəm ki, yeni mahnılarım da seviləcək. 

 - İfaçılar sizin mahnılarınızı baha qiymətə satmağınızdan şikayətlənir.

- Müğənnilərin əksəriyyətinə mahnılarımı hədiyyə etmişəm. “Mahnını satdı” sözündən xoşum gəlmir. Sifarişli mahnılardan, adlara həsr olunan mahnılardan qonorar alıram. Mən mahnıları satmıram, əməyimin qarşılığını alıram. Mahnını yazıram, Türkiyəyə aranjemana göndərirəm. Bunlar hamısı zəhmət və pul tələb edən şeylərdir. Klip çəkdirmək, səhnə geyimlərimi almaq, yaradıcılığımla məşğul olmaq üçün mənə də pul lazımdır. Mahnılarım üçün çox qonorar tələb etmirəm. 5 min manat olan mahnı çox baha deyil. Mahnılarım sayəsində müğənnilər o pulun beş qatını qazanır. 

- Aygün Kazımova ilə münasibətiniz necədir?

- Aygün Kazımova ilə münasibətlərimiz əladır. Yaşananlar kiçik bir anlaşılmazlıq idi. Həll olundu.

-  Bu qalmaqallar nədən yaranır?

- Mən sözün düzünü danışan adamam. Bəzən həqiqətləri deməyim kimlərinsə xoşuna gəlmir və qalmaqal edirlər. Mən heç kimlə qalmaqal etmək niyyətində deyiləm. Sözü deyirlər, mən də məcbur olub cavab verirəm. Ya da haqsızlıqlar qarşısında susmuram deyə qalmaqala düşürəm. 

- Ramal necə ailə başçısıdır?

- Ramal  çox yaxşı ailə başçısıdır. Xoşbəxt bir ailəm var. Ata olacam tezliklə. Əslində bunu açıqlamaq istəmirdim. Amma sevincimi məni tanıyanlarla, sevənlərlə  bölüşməliyəm. Allah hamıya gözəl ailə qismət etsin. Ən azı mənim qədər xoşbəxt olsunlar. 

- Ata olacağınızı dediniz. Ramal övladının qız, ya oğlan olmasını istəyir?

- Övlad övladdır, fərqi yoxdur. Kişilər əsasən oğlu olsun istəyirlər. Mən qızımın olmasını arzulayıram. Qız anaya həyandır, həyat yoldaşıma kömək, dayaq olsun deyə qızım olmasını istəyirəm. Hər anaya qız lazımdır. 

- Müsahibələrinizin birində tez evlənmədiyiniz üçün peşman olduğunuzu bildirmisiniz.

- Bəli, gərək tez evlənərdim. Çox xoşbəxtəm. Peşmanam ki, niyə bu vaxta kimi evlənməmişəm. Ailənin gözəlliyini yaşamamışam. Əvvəl ailə qurmaqdan qorxurdum. Allah ailəmizi qorusun.

- Geyim seçərkən nələrə diqqət edirsiniz?

- Mənim üçün dəb mənə yaraşandır. Alış-veriş etməyi sevirəm.  Evimizdə paltarlardan yer  yoxdur. Mənim üçün əsas rahatlıqdır.  İstər brend, istər ucuz olsun, bəyəndiyim geyimləri alıram.

Könül