Gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü qeyd olundu - Fotolar

gomruk-orqanlarinin-yaradilmasinin-30-cu-ildonumu-qeyd-olundu
Oxunma sayı: 2516

Bu gün Dövlət Gömrük Komitəsində Azərbaycan gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim keçirilib.

DGK-dən "Qafqazinfo"ya verilən məlumata görə, yubiley tədbirində Azərbaycanda səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya da iştirak edib.

Mərasimdən öncə ÜGT-nin Baş katibi Kunio Mikuriya və Dövlət Gömrük Komitəsinin əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Dövlət Gömrük Komitəsində keçirilən yubiley mərasimini Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Mərasimdə çıxış edən DGK sədri Səfər Mehdiyev tədbirin ali qonağı ÜGT-nin Baş katibi Kunio Mikuriyanı və gömrük əməkdaşlarını salamlayaraq, onları Beynəlxalq Gömrük Günü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Komitə sədri vurğulayıb ki, hər il yanvarın 30-u Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir, lakin ikinci ildir peşə bayramını əvvəlkilərdən fərqli şəraitdə - qalib ölkənin gömrük əməkdaşları olaraq qeyd edirik. Eyni zamanda, builki peşə bayramı müstəqil Azərbaycanın gömrük xidmətinin yaradılmasının 30-cu ildönümünə təsadüf edir.

"Müstəqil Azərbaycan gömrüyü demək olar ki, dövlət müstəqilliyimizlə həmyaşıddır", - deyə Səfər Mehdiyev diqqətə çatdırıb ki, Dövlət Gömrük Komitəsi dövlət müstəqilliyinin bərpasından üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. O zaman dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu.
 
Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparıldı, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yarandı. Dahi rəhbər Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini məhz müstəqil və yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələr və bu qurumun modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Səfər Mehdiyev qeyd edib ki, indi dünyada xüsusilə gənc dövlətlərin real müstəqillik təşəbbüsləri və müstəqilliyi möhkəmləndirmək səyləri çox aktualdır. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, "müstəqillik bizim ən böyük sərvətimiz, ən böyük dəyərimizdir". Dövlət başçısının işlətdiyi daha bir ifadə var ki, Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb. Məhz güclü və müstəqil Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan ərazilərimizi 44 günlük müharibə ərzində azad etdi, Qarabağ həsrətinə son qoydu.

"Bu sevinci, bu qüruru bizə yaşatdıqları üçün bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə dərin təşəkkürümüzü bildirir, başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla şanlı Azərbaycan Ordusunun hər bir mənsubuna dərin minnətdarlıq hisslərimizi çatdırırıq", - deyə Dövlət Gömrük Komitəsinin sədri söyləyib.

Vurğulanıb ki, 2020-ci ildə qazanılan bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən müharibəsinə qədər və müharibə dövründə həyata keçirdikləri siyasət hazırda işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq, abadlıq işləri ilə uğurla davam etdirilir.

Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır və bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir, yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir.

DGK sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb. Gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib. Bu islahatlar xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayıb.
 
Məlumat verilib ki, 2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində, ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.

Ötən illərdə olduğu kimi, 2021-ci ildə də Dövlət Gömrük Komitəsinin ölkə üzrə illik büdcə daxilolmalarında xüsusi çəkisi artıb və qanunla müəyyən olunan illik büdcə öhdəliyinin artıqlaması ilə yerinə yetirilməsinə nail olunub. Ötən il Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 3 milyard 900 milyon manat proqnoza qarşı 4 milyard 342 milyon 967 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 111,36 faiz əməl olunub.

Daha sonra tədbirdə çıxış edən Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kuniyo Mikuriya gömrük əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və ÜGT-nin üzv dövlətləri tərəfindən Azərbaycan gömrüyünün 30 illik fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Baş katib ÜGT-nin "sərhədlər ayırır, gömrük birləşdirir" devizinin Azərbaycan gömrük xidməti tərəfindən uğurla yerinə yetirildiyini bildirib. Kunio Mikuriya potensialın gücləndirilməsi istiqamətində Azərbaycan gömrüyünün mühüm nailiyyətlər əldə etdiyini, bu sahədə əldə edilən bilik və bacarıqları ölkə hüdudlarından kənara çıxarmağa nail olduğunu vurğulayıb. Beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycan gömrük orqanlarının səmərəli fəaliyyətindən danışan Baş Katib ÜGT-nin ən mötəbər tədbirlərindən olan İnformasiya Texnologiyaları konfrans və sərgisinin, ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyası ilə birlikdə Narkotiklərlə Mübarizə üzrə 36-cı konfransın Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib. Kunio Mikuriya 2 il ərzində ÜGT-nin Avropa regionuna sədrlik etməsini, təşkilatın Siyasi Komissiyasına üzvlüyünü də DGK-nın beynəlxalq gömrük ailəsində qazandığı nüfuzun və etimadın nümunəsi kimi qiymətləndirib.

Tədbirdə Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix çıxış edərək Azərbaycan gömrüyünün fəaliyyətindən məmnunluqla bəhs edib və yubley münasibətilə təbriklərini çatdırıblar.

Daha sonra mərasimdə çıxış edən veteran gömrükçülər gömrük oranlarının yaradılması və fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə müxtəlif ölkələrin gömrük orqanları rəhbərlərinin Azərbaycan gömrüyünün 30 illik yubileyi ilə bağlı təbrik mesajları, gömrük orqanlarının fəaliyyətinə dair sənədli film nümayiş etdirilib.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təlltif edilən ÜGT Baş katibi Kunio Mikuriyaya ali mükafat təqdim olunub. Eyni zamanda, Kunio Mikoriya "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə də təltif edilib.

Mərasim çərçivəsində Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalları, Ümümdünya Gömrük Təşkilatının sertifikatları verilib.

Yubiley mərasiminin sonunda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.