Gömrük prosedurları sadələşdirildi

gomruk-prosedurlari-sadelesdirildi
Oxunma sayı: 5312

Dövlət Gömrük Komitəsi tərəfindən "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidməti elektronlaşdırılaraq ”Elektron hökumət” portalına inteqrasiya edilib. Bununla da komitənin "E-hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb. Yeni xidmət "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə tətbiq olunub.

“Qafqazinfo”nun məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, vətəndaş Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək. Bunun üçün vətəndaş e-gov.az portalına daxil olaraq elektron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə”ni seçib, gömrük bəyannaməsini doldurub, çap edib, sərhəddəki gömrük əməkdaşına təqdim etməlidir.

Gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili bu sahədə işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək.