El Roman 2000-ci ildə Yevlax şəhərində anadan olub, əslən Şuşalıdır. Erkən yaşlarından ədəbiyyata maraq göstərən müəllif 2018-ci ildən etibarən aktiv şəkildə yaradıcılıqla məşğul olmağa başlayıb. Bu müddət ərzində ədəbi axtarışlarını davam etdirərək, öz üslubunu formalaşdırıb.
“Qafqazinfo” gənc şairin bir neçə şeirini təqdim edir:
Bu gecə batmadım qızılgüllərə,
sənin də yuxuna daş qarışdımı?
Yağan yağışdımı?
görən, yağmağa
sən evdən çıxanda başlamışdımı?
Səni xar edəni indi yar etmək,
sanki bir diyarı min diyar etmək.
Yağışlı havada intihar etmək
bütün səhralara ismarışdımı?
Sevgilim,
Allaha bu yer kürəndə
halallıq vermişdim hər öskürəndə.
Bərk-bərk tapşırmışdım, səni görəndə
demişdim, xoş danış, xoş danışdımı?
Gəlirəm heç nəsiz,
sənsiz, atasız,
belim tapançasız, cibim fotosuz,
bıçağım itisiz, köynək ütüsüz,
gedəndə baxaydın kaş, qırışdımı?
Buludlar solumdan, quşlar sağımdan
yanına uçardı Qoşqar dağından.
Görəsən, hələ də baş barmağından
saçının ucuna beş qarışdımı?
Bu gecə batmadım qızılgüllərə,
sənin də yuxuna daş qarışdımı?
Yağış tanışdımı?
görən, yağmağa
Mən evdən çıxanda başlamışdımı?
***
- Yerek...
Ratsiyadan səs gəlir:
- Canıyev, yerini de!
- Təpənin “A” nöqtəsi!
Ratsiyadan səs gəlir:
- Əbdülov, yerini de!
- Təpənin “B” nöqtəsi!
- Erku...
On üç yaşlı Göyərçin
giley tökür kağıza:
“Ehh, bu riyaziyyat da
yığıb məni boğaza!
“A”dan “B”yə məsafə
Nə bilim, nə qədərdi?
atam olsa, bilərdi...”
“Canıyev,
aradakı məsafəni xəbər ver!”
- Ratsiya hələ susmur...
İnsanlar özlərinə yaxşı təsəlli verir:
“Ordu müharibəni nə olsun, hələ udmur?
əsas odu, uduzmur...”
- Mek!
Bu vaxt bir mərmi deşir
buludların bağrını.
Silahlar da diksinir
Partlayışın səsinə...
O partlayış,
əsgəri tutub “A” nöqtəsindən
atır “B” nöqtəsinə...
“Tapdım, anacan, tapdım!
Məsafə əlli metr!" - bərk qışqırır Göyərçin...
“Canıyev, nə baş verir?!” - Ratsiya ağı deyir...
birdən
əlaqə itir...
sonuncu nəfəs ilə,
Canıyev ratsiyanı dodağına gətirir.
Xırıltılı səs ilə:
“Komandir, əlli metr...”
***
Yarasalar
Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey –
adamlar torpağa, kağız torpağa...
Göyərsə göylərdə bir ağ göyərçin
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.
İstəsən, küləyə çevrilərəm
və
Saçların tərəfə çevrilərəm,
gəl.
Sən kimin olmusan min illər əvvəl?
adını oxudum cam kasalardan...
Deyən olmadımı vaxtı dayandır?
Tanrıyam, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
məni də bir dəfə yada sal orda...
Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...
Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa...
***
Qadınların yarısı
Bir gün dərdiyin çiçək səni içinə çəksə,
Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...
Həmin gecə yuxuda özünü görəcəksən-
Dodaqların qırmızı, saçın uzun, laap uzun...
Çöldə eşidəcəksən çirkinliyin səsini,
Evdə atan yeyəcək tikənin yekəsini.
İçində hiss edəndə təklik təhlükəsini,
Səndən soruşacaqlar, kimin qızısan, qızım?
Getmək istəyəcəksən, yolun tən yarısında
Ətirini, donunu, onu unutmasan da,
O gün unudacaqsan bir kitabı masanda
Bir də açılmayacaq otağının qapısı...
Bir az qocalacaqsan, bir az əsəcək dizin,
Bir az huşun itəcək, bir az əlinin duzu,
Yollara baxacaqsan, belə laap uzun-uzun...
Öləndə belə ölür qadınların yarısı.
Bir də açılmayacaq otağının qapısı...
Öləndə belə ölür qadınların yarısı...
“Saçın uzun, laap uzun, dodaqların qırmızı...
Üzüntün tanış gəlir, kimin qızısan, qızım?”