ABŞ Federal Böyük Jürisi Kubanın keçmiş rəhbəri Raul Kastroya qarşı rəsmi ittiham irəli sürüb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Tramp Administrasiyasının yüksəkrütbəli nümayəndəsi məlumat yayıb.
Mayami federal məhkəməsində açılan cinayət işində 94 yaşlı siyasətçiyə qarşı ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd, dörd qətl hadisəsi və iki təyyarəni məhv etmə ittihamları irəli sürülüb. İttihamlar birbaşa 1996-cı il fevralın 24-də baş vermiş insidentlə bağlıdır. Həmin vaxt Kuba Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Mayamidə fəaliyyət göstərən mühacir qrupuna aid iki mülki təyyarəni vurmuş və nəticədə 4 nəfər həlak olmuşdu. Rəsmi Vaşinqton atəş əmrini şəxsən o dövrdə müdafiə naziri olan Raul Kastronun verdiyini iddia edir.
Qeyd edək ki, 94 yaşlı Raul Kastro Kuba inqilabçısı və ölkəyə uzun illər rəhbərlik etmiş Fidel Kastronun qardaşıdır. O, 2008-2018-ci illərdə Kuba prezidenti olub və rəsmi vəzifədən getsə də, hələ də ölkə siyasətində ən təsirli fiqur sayılır.
“The New York Times” və digər media qurumlarının məlumatına görə, bu addım Tramp administrasiyasının Kubadakı kommunist rejimi devirmək üçün təzyiqləri artırdığı bir vaxta təsadüf edir. Ekspertlər bu ssenarini Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılaraq Nyu-Yorka gətirilməsi hadisəsi ilə müqayisə edirlər.
***
ABŞ Ədliyyə Nazirliyi Kubanın 94 yaşlı sabiq rəhbəri Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə dörd Amerika vətəndaşının qətlə yetirilməsi ilə bağlı rəsmi ittiham irəli sürüb.
“Qafqazinfo” “The New York Times” (NYT) nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru əvəzi Todd Blanş və Florida ştatının Cənub dairəsi üzrə prokuroru Ceyson Redinq Kinyones mətbuat konfransında bəyanat yayıblar.
Məlumata görə, Mayamidəki Federal Dairə Məhkəməsi tərəfindən çıxarılan ittiham aktında Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi R.Kastro və aralarında hərbi pilotların da olduğu digər şəxslər qətl və sui-qəsd təşkil etməkdə təqsirləndirilir. Sözügedən hadisə 1996-cı ildə Kuba hərbçilərinin mühacir qrupu olan “Köməyə gələn qardaşlar” təşkilatına məxsus iki mülki təyyarəni vurması ilə bağlıdır. Həmin vaxt dəniz yolu ilə qaçan ada sakinlərini axtaran iki təyyarənin vurulması nəticəsində dörd amerikalı həlak olmuşdu. İnsident zamanı Raul Kastro ölkənin müdafiə naziri vəzifəsini icra edirdi.
O dövrdə Kubaya rəhbərlik edən Fidel Kastro təşkilatın daha əvvəl Havana üzərinə hökumət əleyhinə vərəqələr atdığını əsas gətirərək hadisəyə görə məsuliyyəti öz üzərinə götürmüşdü.
Artıq qarşı tərəf də Vaşinqtonun bu addımına kəskin reaksiya verib. Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman NYT-yə açıqlamasında bildirib ki, irəli sürülən ittihamlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kubaya qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanə yaratmaq cəhdindən başqa bir şey deyil.
Son xəbərlər
Son Xəbərlər