“Parlamentlər “Yeni Şəhərsalma Gündəliyi” və 11-ci Davamlı İnkişaf Məqsədi kimi qlobal öhdəliklərin milli qanunvericiliyə, büdcələrə və hesabatlılıq mexanizmlərinə çevrilməsində mühüm rol oynayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva WUF13 çərçivəsində parlamentarilərin dəyirmi masasında çıxış edərkən deyib.
“Tanınmış bir atalar sözü var: Biz dünyanı əcdadlarımızdan miras almamışıq, onu övladlarımızdan borc almışıq. Bu gün bu müdriklik şəhərlərimizi layihələndirmək, qanunvericiliyini hazırlamaq və idarə etmək yollarımıza rəhbərlik etməlidir. İnsanlar şəhərlərdə sadəcə yaşamamalı, onların formalaşmasına kömək etməlidirlər. Biz həqiqətən də şəhərləri insanlarla birlikdə layihələndiririk, yoxsa sadəcə insanlar üçün? Məhz buna görə də qərarların qəbulu prosesində iştirakçı büdcələşdirmə və parlament dinləmələri böyük əhəmiyyət kəsb edir”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi sürətləndikcə, şəhərlərin davamlılığı artıq bir seçim deyil, zərurətdir: “COP29 Bakıda keçiriləndə bu, iqlim öhdəliklərinin konkret şəhərsalma fəaliyyətlərinə çevrilməsinin təxirəsalınmazlığını bir daha təsdiqlədi. Bizə növbəti dəfə xatırladıldı ki, həssas əhali qrupları hər zaman ilk əziyyət çəkən və ən ağır zərbəni alanlar olur. Hər bir zonalaşdırma qanunu, hər bir mənzil məcəlləsi və büdcə qərarı şəhərdə kimin inkişaf edəcəyini və kimin geridə qalacağını formalaşdırır.
Bu gün biz gələcək nəsillərin milyonlarla nümayəndəsinin gündəlik həyatını formalaşdırmaq üçün mənzil təminatı və davamlı şəhərsalma inkişafı sahəsində bu məkanda çox mühüm qərarlar qəbul edəcəyik. Lakin dürüst olmalıyıq. Qlobal bəyannamələr təkbaşına gündəlik həyatı dəyişmir, bunu qanunlar edir, büdcələr edir, siyasi iradə edir. Parlamentlər qlobal öhdəliklərlə yerli reallıqlar arasında bir körpüdür. Azərbaycan şəhərlərə davamlılığın, innovasiyanın və inklüziv böyümənin hərəkətverici qüvvəsi kimi baxır. Keçmiş işğal olunmuş ərazilərdə - xüsusən də Qarabağ və Şərqi Zəngəzur bölgələrində törədilən və onilliklər boyu davam edən dağıntılardan və urbisiddən sonra Azərbaycan dünyanın ən böyük yenidənqurma layihələrindən birinə start verib. Minatəmizləmə fəaliyyətlərinə paralel olaraq, davamlılığa və müasir infrastruktura güclü diqqət yetirməklə bütöv şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və mədəniyyət obyektləri yenidən tikilir”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər