Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında sürətlə yayılan nadir Ebola virusuna qarşı vaksinin hazır olmasının doqquz ay çəkə biləcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, təşkilat bölgədə yoluxma və ölüm hallarının artacağı barədə xəbərdarlıq edib.
Məlumata görə, ölkənin şərqindəki İturi və Şimali Kivu əyalətlərində başlayan yeni Ebola dalğası artıq qonşu Uqandaya da sıçrayaraq regional böhrana çevrilib. ÜST-nin son rəsmi statistikasına əsasən, hazırda 600 şübhəli yoluxma və 139 ölüm halı qeydə alınıb. Virusun inkubasiya (gizli inkişaf) və aşkarlanma müddəti nəzərə alınaraq bu rəqəmlərin ciddi şəkildə artacağı gözlənilir.
Təhlükəli vəziyyəti çətinləşdirən əsas amil isə ölkədə əvvəllər rast gəlinən “Zair” ştamının deyil, on ildən artıqdır görünməyən nadir “Bundibuqyo” növünün ortaya çıxmasıdır. Tarixdə yalnız iki dəfə qeydə alınan və yoluxanların üçdə birinin ölümünə səbəb olan bu ştama qarşı hazırda təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu yoxdur.
ÜST rəsmiləri laboratoriyada “Bundibuqyo” növünə qarşı iki potensial vaksin namizədi üzərində işlənildiyini, lakin onların hələ klinik sınaq mərhələsinə çatmadığını bildiriblər. Ən ümidverici peyvəndin tam hazır olması minimum 6-9 ay vaxt apara bilər.
Son xəbərlər
Son Xəbərlər