Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər “Taxıl sazişi” ləğv edildikdən sonra ən çox ehtiyacı olan ölkələrə taxıl tədarükü üçün alternativ variantları müzakirə ediblər.
XİN başçıları, həmçinin Ukrayna və regional gündəm ətrafında fikir mübadiləsi aparıblar.
Bundan başqa, nazirlər ikitərəfli münasibətlərin bir sıra məsələləri müzakirə ediblər və təmasları davam etdirməyə razılaşıblar.
Xatırladaq ki, “Taxıl sazişi” Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur. Rusiyaya aid olan hissə hələ də yerinə yetirilmədiyindən ölkə sazişi dayandırıb.